GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim heç bir günahı olmayan Abbas Lisaniyə qarşı ədalətsiz 8 həbs cəzasını daha iki qat qaldırdı. Məhkəmə qərarı Abbas Lisani və onun vəkilinə açıqlanıb.
Rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsi bug ün, oktyabrın 1-də azərbaycanlı fəal Abbas Lisaninin həbs cəzasını 15 ilədək artırıb. Halbuki, tanınmış azərbaycanlı fəal ilkin instansiya məhkəməsində 8 il həbsə, iki il sürgün cəzasına məhkum edilmiş və bir sıra ittihamlardan bəraət almışdı.
Apellyasiya Məhkəməsi bundan əvvəl məhkəmənin çıxardığı həbs cəzasını 2 il artırıb, 5 il isə fəalın məhkəmədə bəraət qazandığı ittihamlara görə verilib.
Azərbaycanlı fəal həmçinin rejimin Şərqi Azərbaycanda yerləşən Apellyasiya Məhkəməsində 1 il həbs cəzasına məhkum edilib. Bununla da fəal heç bir günahı olmadan ümumilikdə 16 il həbs və 2 il Yəzd şəhərinə sürgün edilmə cəzasına məhkum edilib.
Azərbaycanlı fəalın məhkəmə iclası rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsində hakim Nasir Ətəbatinin sədrliyi və müşavirlər Bilal Muzəffəri və Mərhəmət Şahbazzadənin iştirakı ilə 16 sentyabr 2019-cu ildə keçirilmişdi. Halbuki, Nasir Ətəbati daha əvvəl Ərdəbildə rejimin prokuroru qismində Abbas Lisaniyə qarşı iddianamə irəli sürmüşdü.
Qeyd edək ki, Abbas Lisani uzun illərdir Azərbaycan türk millətinin milli hüquqları uğrunda mədəni mübarizə aparır. O sonuncu dəfə cari il iyulun 2-də hər il təşkil olunan Babək Qalası Qurultayı öncəsi daha üç fəalla birlikdə Ərdəbildə rejimin təhlükəsizlik qüvvələri tərəfindən heç bir günahı olmadan yaxalanıb, iyulun 11-də 50 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılıb.