GADTB: Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən Qazaxıstanın Türküstan şəhərində “Müqəddəs Türküstan və türk dünyasının mənəvi yenilənməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Fransa, Hindistan və digər ölkələrdən türkoloqlar və diplomatik missiya nümayəndələri iştirak ediblər.
Türküstan vilayətinin qubernatoru Canseyit Tüymebayev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iyun ayında əyalətin yaradılması və əyalət mərkəzinin də Türküstan şəhərinə köçürülməsi ilə bağlı qərarının Türküstan şəhərinin inkişafına və türk dünyasının mənəvi mərkəzi kimi möhkəmlənməsinə böyük töhfə verəcəyini bildirib. Qubernator ölkədə 200 mindən çox türkün yaşadığını və yaxın zamanda Türküstanda Türk gəncləri qurultayının keçiriləcəyini deyib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi Xəlil Akıncı türk dünyası arasında inteqrasiyanın güclənməsi üçün əvvəlcə türklərin özünüdərkinin reallaşmasının vacibliyinə diqqət çəkib. Bu baxımdan, Qazaxıstanın başlatdığı “Türk dünyasının mənəvi yenilənməsi” proqramının əhəmiyyətini vurğulayıb.
TWESCO-nun prezidenti Darxan Kıdırəli Prezident N.Nazarbayevin Türküstan ideyasını dəstəkləmək və sentyabr ayında Türk Şurasının Qırğızıstanda keçirilən toplantısında dövlət başçılarının qarşıya qoyduqları tapşırıqları həyata keçirmək məqsədilə bu konfransı təşkil etdiklərini bildirib.
Üç sessiyadan ibarət olan konfransda türk dünyasının müqəddəs məkanları, tarixi şəxsiyyətləri, habelə türk dili və əlifbaları məsələləri müzakirə olunub.
Konfrans çərçivəsində türkologiyanın inkişafındakı xidmətlərinə görə bir neçə alim TWESCO tərəfindən “Vilhelm Thomsen” medalı ilə mükafatlandırılıb.
Bununla yanaşı, türk dünyası ilə bağlı önəmli xəbər və şərhlər yayımlayan kütləvi informasiya vasitələri nümayəndələrinə Beynəlxalq Türk Akademiyasının “İsmayıl Qaspralı” media mükafatı təqdim edilib.
Konfrans çərçivəsində TWESCO ilə Türküstan qubernatorluğu və Özbəkistan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa dair memorandum da imzalanıb.