Bazar , Dekabr 15 2024
azfa

Urmiya zindanı Güney Azərbaycanda İranın ən qorxulu zindanlarından biri

GADTB: Məhbusların və insan haqları təşkilatlarının dediyinə görə, İranın ən qorxulu həbsxanalarından biri Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində yerləşən həbsxanadır.

Axar.az xəbər verir ki, Urmiya həbsxanasının standart tutumunun 700 nəfər olmasına baxmayaraq, hazırda orada 5 minə yaxın məhkum saxlanılır.

Həbsxanada saxlanılan məhkumların 40 faizi Azərbaycan türkü, 60 faizi isə başqa bölgə və əyalətlərdən gətirilən qeyri-azərbaycanlıdan ibarətdir.

Urmiya mərkəzi həbsxanasındakı məhbuslar müxtəlif bəhanələrlə davamlı olaraq həbsxana mühafizəçiləri və məmurlar tərəfindən sistematik şəkildə döyülür, fiziki işgəncələrə məruz qalırlar. Buradakı siyasi məhbuslarıın saxlanılma şəraiti daha pis, gigiyena baxımından ağırdır.

Siyasi məhbusların incidilməsi üçün ağır cinayətlər törətmiş təhlükəli məhbuslar onlarla eyni kameralara salınır. Nəticədə siyasi məhbuslar davamlı hücumlara məruz qalır.

Həbsxanada fərdi və kollektiv şəkildə idman etmək qadağan edilib. Hər hansı formada idmanla məşğul olan məhkum həbsxanadan qaçmağa hazırlıqda ittiham olunaraq cəzalandırılır.

Hazırda Urmiya həbsxanasında saxlanılan məhkumların üçdə ikisinin yatmaq üçün çarpayısı yoxdur və onlar quru yerdə yatmağa məcburdurlar.

Məhkumların ayda bir dəfə ailə üzvləri ilə 20 dəqiqə müddətinə görüşünə icazə verilir. Onlar davamlı olaraq vacib əşyalardan ibarət bağlamaları ailələrindən almaqda problemlərlə üzləşirlər.

Urmiya Mərkəzi Həbsxanasının qadınlar bölməsi də başqa bölmələr kimi acınacaqlı vəziyyətdədir. Burada saxlanılan qadınların çoxu çarpayı olmadığı üçün quru yerdə yatır.

Palatada çox sayda azyaşlı uşaq anaları ilə həbsdədir. Bu bölmənin sıxlığı və çirkliliyi səbəbindən uşaqlar müxtəlif xəstəliklərə, o cümlədən, tənəffüs və dəri xəstəliklərinə yoluxublar.

Həbsxanada saxlanılan qadınların əksəriyyəti narkotik maddə alqı-satqısı, qeyri-qanuni intim əlaqə, dələduzluq, oğurluq və adam öldürməkdə günahlandırılıblar.

Məhkumlar ayda bir dəfə müayinə olunur. Onlara xəstəliklərinin növündən, vəziyyətlərinin necəliyindən asılı olmayaraq, yalnız ağrıkəsici və yuxu dərmanları verilir.

5 min nəfərə yaxın məhbusun saxlanıldığı həbsxananın tibb məntəqəsində yalnız iki nəfər çalışır. Onlardan başqa məhkumlara hər hansı tibbi yardım göstərmək üçün kimsəyə icazə verilmir.

Həbsxanadan çıxan məhbusların bildirdiyinə görə, Urmiya Mərkəzi Həbsxanasında məsullar və nəzarətçilər narkotik maddələrin alveri ilə məşğul olur. Həbsxana məsulları buna görə hər ay külli məbləğdə vəsait əldə edirlər.

Urmiya həbsxanasında məhbusların intiharı, ölüm halları ilə bağlı yerli və beynəlxalq insan haqları təşkilatları dəfələrlə xəbərdarlıq ediblər. Bir müddət əvvəl Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda İranda, xüsusilə Urmiya həbsxanasında məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib. “İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”, – hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, bir il ərzində rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-si Urmiya həbsxanasının payına düşür.

Həmçinin yoxlayın

Türkiyənin Suriyadakı səfirliyi açıldı

GADTB: Türkiyənin Suriyadakı səfirliyi 12 il 9 aya yaxın müddətdən sonra rəsmən fəaliyyətini bərpa edib. …

İranın zəifləməsinin açarı Türkiyədir

GADTB:  “Türkiyə İranın zəiflədilməsi və Ukraynadakı müharibənin başa çatdırılması üçün açardır”. Bunu ABŞ-ın BMT-dəki keçmiş …