Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Xəzərin hüquqi statusu müəyyənləşmək üzrədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı 20 il bundan əvvəl yaradılmış Xüsusi İşçi Qrupun sayca 52-ci toplantısı avqustun 10-da Aktau (Qazaxıstan) şəhərində keçirəcək. Bir gün sonra isə, ayın 11-də beş Xəzəryanı dövlətlərin XİN başçılarının toplantısı keçiriləcək. Avqustun 12-də “Xəzər beşliyi”nin dövlət başçıları Xəzərin gələcək taleyini həll edəcəklər.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya bildirib ki, Xəzərin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın son razılaşdırılmış variantı imzalanarsa, Xəzərin təbii və bioloji resurslarının mənimsənilməsi, habelə dənizin dibi ilə kommunikasiyaların çəkilişi və digər məsələlər hüquqi çərçivəyə salınacaq:

“Son layihənin detalları haqqında məlumatlı olmadığından Konvensiya layihəsində Xəzərlə bağlı daha hansı məsələlərin öz əksini tapdığını əvvəlcədən demək çətindir. Əsas prinsipial məsələ imzalanması gözlənilən Konvensiya layihəsində Xəzərə dəniz və ya göl statusunun verilməsi məsələsidir. Digər düşündürücü məsələ Xəzərin milli sektorlara (xüsusilə cənub hissəsinin) bölünməsi məsələsində İran-Türkmənistan, Türkmənistan-Azərbaycan və İran-Azərbaycan arasında 20 ildir davam edən fikir ayrılıqlarının öz həllini tapmasıdır. Eyni zamanda Xəzərin cənub hissəsində İran və Türkmənistanın mübahisəli saydıqları karbohidrogen ehtiyatlarının mənimsənilməsi məsələsi hansı meyarlarla tənzimlənməsi məsələsi də çox düşündürücüdür. Çünki Yaxın Şərqdə davam edən siyasi gərginlik, Xəzərin hüquqi statusunun ədalətli çözülməsinə əsas yaradır. Bu baş verərsə, Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara çıxarılması məsələsində regionun əhəmiyyəti Fars körfəzinin əhəmiyyətini üstələmiş olar”.

Ekspertin qənaətincə, 20 ildən artıq bir zaman çərçivəsində Xəzərin hüquqi statusunun müəyyən edilməsinə əsassız iddialarla mane olan dövlətlərin mövqeyi sual altındadır:

“Türkmənistan və İran dövlət olaraq üzləşdikləri ciddi beynəlxalq problemlər qarşılığında ədalətli mövqe sərgiləyəcəkləri çox düşündürücüdür. Belə ki, İran və Türkmənistanın 20 ildən artıq davam edən əsassız dirəniş siyasəti, Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və ixrac kəmərlərinin çəkilməsi məsələsini müşkülə çevirib. Verilən məlumatlara görə tərəflər Xəzərə göl statusunun verilməsi məsələsində ümumi razılığa gəliblər. Belə olacağı təqdirdə Xəzərin milli sektorlara bölünməsi məsələsində hansı prinsiplərin əsas götürülməsi də maraq doğurur. Yəqin ki, bir neçə gündən sonra bu məsələlər Qazaxıstanda öz həllini tapacaq. Əks təqdirdə, məsələ daha da uzanacaq”.

 

Həmçinin yoxlayın

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Ermənilər sərhəddə bu əraziləri minalardan təmizləyir

GADTB: Erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha …

Bir cavab yazın