
GADTB: BMT Baş Assambleyası İranla bağlı qəbul etdiyi son qətnamədə ölkədə insan haqlarının vəziyyətini sərt tənqid edib və nadir şəkildə “Azərbaycan türkləri”ni ayrı-seçkiliyə və sistematik hüquq pozuntularına məruz qalan etnik qruplardan biri kimi birbaşa qeyd edib.
Sənəddə bildirilir ki, İran hakimiyyəti ərəblər (Əhvaz), Azərbaycan türkləri, bəluclar və kürdlər də daxil olmaqla bütün etnik azlıqlara qarşı ayrı-seçkilik, əsassız həbslər, siyasi təqib və mədəni hüquqların pozulmasına dərhal son qoymalıdır.
Rəsmi BMT sənədi həmçinin vurğulayır ki, azlıqların yaşadığı şəhər və bölgələrdə etirazlar zamanı öldürülən və zərərçəkənlərin sayı digər ərazilərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olub. Bu durum Azərbaycan türklərinin yaşadığı Təbriz, Ərdəbil və Urmiya kimi şəhərlər barədə də dəfələrlə qeyd edilib. Qətnamə eyni zamanda “azlıqlara qarşı ölüm hökmlərinin qeyri-mütənasib tətbiqi” ilə bağlı narahatlıq bildirir və milli-mədəni fəallar haqqında çıxarılan bəzi hökmlərin ədalətli məhkəmə standartlarına uyğun olmadığını vurğulayır.
Qətnamənin digər geniş bölmələrində BMT işgəncə, məcburi etiraflar, özbaşına həbslər, söz azadlığının ciddi məhdudlaşdırılması, 2022-ci il etirazlarının zorakı şəkildə yatırılması, qadınların hüquqlarının pozulması, jurnalist və vətəndaş fəallarına təzyiqləri qəti şəkildə pisləyir və İranı xüsusi məruzəçilərlə, eləcə də beynəlxalq faktaraşdırıcı missiya ilə tam əməkdaşlığa çağırır. Sənəddə Azərbaycan türkləri də daxil olmaqla milli azlıqların dil, mədəniyyət və təhsildən məhrum edilməsinin “davamlı və narahatedici pozuntu” olduğu qeyd edilir.
Baş Assambleya sonda İran hakimiyyətini beynəlxalq müşahidəçilər üçün ölkəyə girişə imkan yaratmağa, Azərbaycan türkləri də daxil olmaqla etnik azlıqlara qarşı ayrı-seçkiliyi dayandırmağa və həbslər, edamlar, işgəncələr və etirazçılara qarşı öldürmə halları daxil bütün insan haqları pozuntuları üzrə müstəqil və şəffaf araşdırmalar aparmağa çağırıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi