
GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin Təbriz həbsxanasının rəhbərliyinin qərarı ilə ümumi cinayətlərə görə məhkum olunmuş şəxslərin və narkotik asılılığı olan məhbusların saxlanıldığı bölmələrə köçürüldüyü bildirilir. Məlumatlı mənbələr bu addımı cəza xarakterli və məhbuslara psixoloji və fiziki təzyiqi artırmaq məqsədi daşıyan tədbir kimi qiymətləndiriblər.
Həmin mənbələrin sözlərinə görə, məhbuslar həbsxana rəisinin həbsxana daxilində siyasi fəaliyyətlərini dayandırmaq tələbinə qarşı çıxdıqdan sonra köçürülüblər. Onların yerləşdirildiyi bölmələrdəki qeyri-münasib şərait məhbusların fiziki və psixoloji sağlamlığı, eləcə də bu köçürülmənin mümkün nəticələri ilə bağlı narahatlıqları artırıb.
Azərbaycanlı fəallara ağır həbs cəzaları
Yürüş Mehrəlibəyli və Əli Babayi azərbaycanlı türk fəallardır. Onlar 13 fəalın daxil olduğu birgə iş üzrə ağır həbs cəzalarına məhkum ediliblər. 2026-cı ilin may ayında apellyasiya məhkəməsinin çıxardığı qərara əsasən, Mehrəli bəyli “qanunsuz qrup yaratmaq” və “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları ilə ümumilikdə 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Əli Babayi barəsində isə “qanunsuz qrupa üzvlük” və “toplaşmaq və əlbir olmaq” ittihamları üzrə çıxarılan cəzaların ümumi müddətinin 6 il 4 ay olduğu bildirilir.
1975-ci ildə anadan olan və Bostanabadda yaşayan Əli Nəjadabbasi Bostanabadi də 2026-cı il martın 28-də öz evində həbs edilərək Təbriz həbsxanasına köçürülüb. Bostanabad İnqilab Məhkəməsi onu əvvəlcə “İran ərazisində başqa bir xarici dövlətin xeyrinə casusluq etmək” ittihamı ilə 2 il 1 gün müddətinə azadlıqdan məhrum edib. Hökmü qəbul etdikdən sonra cəza 1 il 11 aya endirilib.
Bu məhbusların ümumi cinayətlərə görə məhkum olunmuş şəxslərin saxlanıldığı bölmələrə köçürülməsi, eləcə də onlara qarşı təhdid və təzyiqlərlə bağlı məlumatlar Azərbaycanlı siyasi məhbusların vəziyyəti və Təbriz həbsxanasında saxlanma şəraiti ilə bağlı narahatlıqları yenidən artırıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi