
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İŞİD sıralarında döyüşməyə gedən 30 minə qədər əcnəbi terrorçu hələ də sağdır. Bu haqda BMT müşahidəçilərinin hazırladığı hesabatda deyilir.
Hesabata görə,Türkiyə İŞİD terrorçularının qaçmağa çalışacağı ölkələrdən biridir. Qeyd edilir ki, sözügedən terrorçular yaxın gələcəkdə beynəlxalq problemə çevrilə bilər. Bəzilərinin “Əl-Qaidə”, bəzilərinin isə yeni yarana biləcək digər terror təşkilatlarına daxil ola biləcəyi bildirilir.
BMT müşahidəçiləri hesab edirlər ki, onlardan bəziləri yeni terror təşkilatlarının liderlərinə çevrilə bilər.
Bildirilir ki, 2015-2016-cı illərdə yüzlərlə dinc sakinin qətlə yetirildiyi Türkiyə, Fransa, Belçika və Almaniya kimi ölkələrdə terror aktlarının sayı minimuma düşsə də, Avropa üçün təhdid səviyyəsi yüksək qalmaqda davam edir.