Azərbaycan Ordusu bu gün geniş təlimlərə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Azərbaycan Ordusu geniş təlimlərə başlayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …