GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, girov qarşılığında azərbaycanlı siyasi məhbus Əli Vasiqi məzuniyyətə buraxılıb.
Ərdəbil sakini olan azərbaycanlı siyasi məhbus Əli Vasiqi dünən martın 15-də məzuniyyətə buraxılıb.
Azərbaycanlı siyasi məhbus bir həftəlik məzuniyyət üçün 50 milyon tümən girov qoymalıolub. Əli Vasiqinin qardaşı Rza Vasiqi də, martın 6-da girov qarşılığında qısa müddətli məzuniyyət haqqından istifadə edə bilmişdir. O, bir həftəlik məzuniyyət müddəti bitdikdən sonra martın 14-də həbs cəzasının qalan hissəsini çəkmək üçün yenədən həbsxanaya geri dönüb.
Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.
Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.
Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.
1985-ci ildə Ərdəbildə anadan olan Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.