Cümə axşamı , Mart 28 2024
azfa

Qazaxıstanda “Türk dünyası” beşcildliyi nəşr edildi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan parlamentinin deputatı, siyasi elmlər doktoru Cavanşir Feyziyevin “Türk dünyası” beşcildliyinin nəşrinin təqdimatı keçirilib.

Təqdimat mərasimində Azərbaycan, ABŞ, Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan və digər ölkələrdən nüfuzlu alimlər, dövlət xadimləri və diplomatlar iştirak edib.

BTA prezidenti Darxan Kıdırali bildirib ki, Türk dünyasında türk sivilizasiyası, mədəniyyəti, elmi, dövlətçilik tarixi, hərb sənəti və s. haqqında əhatəli bir kitabın ərsəyə gəlməsi çox əhəmiyyətli hadisədir. “Türk dünyası” kitabı türk dünyası ilə bağlı əsas fakt, mövzu və problemləri əhatə etməklə zəngin informasiya qaynağı təqdim edir. Nəşr müasir türk dünyası haqqında müfəssəl elmi mənzərə və təsəvvür formalaşdırır. Təhlil olunan bütün faktların, hadisə və proseslərin inkişaf qanunauyğunluqlarının, dinamikasının öyrənilməsi müasir humanitar elmlər üçün də aktuallıq kəsb edir. Kitabın ən önəmli cəhəti sadə, anlaşıqlı dildə olması, elmi-publisistik üslubda yazılmasıdır. Bu nəşrin daha geniş kütlələrə xitab etməsinə imkan yaradır.

Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə olunan və nəfis tərtibatda işıq üzü görən kitab “Türk sivilizasiyasının təməl dəyərləri”, “Türk xalqları”, “Türk dövlətçiliyi tarixi”, “Türkşünaslıq” və “Türk dünyasının tarixi şəxsiyyətləri” adlı 5 cilddən ibarətdir.

Kitablarda türk sivilizasiyasının təməl dəyərləri, türk dilləri, türk tarixi və mədəniyyəti, diplomatiyası, həyat tərzi, adət-ənənələri, dünyagörüşü və türklərin müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir. Eyni zamanda, digər cildlərdə türk etnocoğrafiyası, qədim türk boyları, türk dövlətləri və imperiyaları, müasir dövrdə türkdilli dövlətlərin təşkilatlanma və inteqrasiya prosesləri, türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analitikası, habelə, türk dünyasının görkəmli şəxsiyyətləri barədə ətraflı məlumatlarla tanış olmaq mümkündür

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın