Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

«26-lar»ın qətli: müəmmalar və ehtimallar (I hissə)

GADTB: Xalq öz tarixini acıları və sevincləri ilə bütövlükdə öyrənib bildikdə gələcəyinə daha ayıq baxır, növbəti sınaqlara hazır olur.  96 il öncə baş vermiş hadisənin təfərrüatlarına yenidən diqqətçəkən məqamlar hansılardır? Uzun müddət “26 Bakı komissarı”, camaat arasında sadəcə 26-lar bağı kimi tanınmış məkanda tikinti işləri ilə əlaqədar 1920-ci il sentyabrın 8-də dəfn edilmiş insan cəsədlərinin başqa yerə köçürülməsi zamanı aşkar olunmuş fakt xeyli söz-söhbətə, kütləvi informasiya vasitələrinin diqqətinə, səngiməyən müzakirələrə səbəb oldu. Hazırda “Sahil bağı” adlanan yerdə qazıntı zamanı 26 deyil, 23 cəsəd aşkarlanmışdı. Halbuki, 1920-ci ildə Aşqabad şəhərinin mərkəzi meydanından çıxarılmış “Bakı kommunarları”nın cəsədləri paroxodla Bakıya gətirilmiş, Petrov meydanından keçərək böyük izdihamla öndə “S.Şaumyanın tabutu” və şəkli, ardınca “25 yoldaşın” tabutları aparılmaqla “Azadlıq” meydanında dəfn olunmuşdular.

“Azadlıq” meydanında fəvvarənin yanında düzəldilmiş məqbərədə 1920-ci il sentyabrın 8-də gündüz saat 3-də top atəşləri və himn sədaları altında 26 tabut qəbrə endirilməyə başlanmışdı. Bu mərasim lentə alınmış, mətbuatda, digər sənədlərdə əks olunmuşdur. Sovetlər dövrünün əfsanəsinə çevrilmiş “Bakı kommunarları” ziyarətgaha çevrilmiş bir məkanda anıldıqları dövrdən çox sonra, müstəqillik illərində “aktuallıq” kəsb etməyə başladı. İlk səbəb 90 il toxunulmayan məkandan ayrı-ayrılıqda dəfn olunmuş 26 cəsəd əvəzinə 23 cəsədin çıxması təəssüratı oldu. Deməli, “26 yoldaşın” 3-nün cəsədi basdırılmış 26 qutunun içərisində olmayıb. Bu faktdan çıxış edərək “26-lar”dan hansısa 3-nün güllələnməməsi mülahizəsi arxasında onların kimliyinin müəyyənləşdirilməsi “ehtiyacı” yaranırdı. Mövzunu aktuallaşdıran başlıca amil də məhz bu “ehtiyacdan” qaynaqlanırdı. Çünki hələ sovetlər dönəmində də, xüsusən müstəqilliyin ilk illərində S.Şaumyanın yoldaşları ilə birgə güllələnməməsi, sağ qalması, hətta Hindistana aparılaraq, orada yaşamaları və s. haqqında söhbətlər gəzirdi, yazılar dərc olunurdu. Və bu baxımdan “Sahil bağı”ndan 3 cəsədin əskik çıxması vaxtilə dolaşan şayiələrin əsassız olmadığı qənaətinə yenidən yol açmışdı. Cəmiyyət içərisində, xüsusən orta və yaşlı nəslə mənsub insanların marağı “26-lar” barədə, demək olar ki, dərslik səviyyəsində məlumatı olan və ideoloji baxımdan heç bir bağlılığı olmayan gənc nəsildən daha artıq oldu. Say ətrafında marağın cəmlənməsi də birmənalı qarşılanmadı. 1918-ci ildə fəaliyyət göstərmiş Bakı Xalq Komissarları Sovetinin hakimiyyəti, onun üzvlərinin Azərbaycan xalqının taleyində oynadığı faciəli rol haqqında xəbərdar olmaq istəyənlərin sayı daha çoxdur. Məhz “Bakı kommunasının” rəhbəri S.Şaumyanın əməllərini ifşa etmək istəyi ilə “Sahil bağı”nda cəsədlərin “əskikliyi” arasında bir əlaqə varmı? Dövrdən xəbərsiz olan şəxsləri maraqlandıran digər bir sual isə Hindistanla bağlıdır – Hindistanın bura nə dəxli var? Hindistanın həmin dövrdə Böyük Britaniyanın müstəmləkəsi olması bəllidir. “Britaniya Hindistanında” vitse-kral hökumətinin Londonun göstərişlərinə əsasən Dehlidən Məşhəddəki “Malleson missiyası”nı idarə etməsini və Zakaspi vilayətindəki eser hökumətinin Britaniya missiyasından asılı olmasını arxiv sənədləri təsdiqləyir. Hindistanda, Simladakı Britaniya baş qərargahının rəisinə general Malleson “26-lar”ın güllələnməsindən 2 həftə sonra Məşhəddən yazmışdı: “Aşqabad hökuməti bütün mühüm işlərdə bizim göstərişlərimizə müvafiq hərəkət etmişdir”. Şimal-şərqi İrandakı ingilis hərbi missiyasının başçısı general U.Malleson Hindistandakı baş qərargaha tabe idi. “26-lar”ın Bakıda həbsxanadan qaçırıldıqdan sonra Krasnovodska çatdıqda yenidən həbs edilməsi və sentyabrın 20-nə keçən gecə Zakaspi səhrasında güllələnmələri prosesinə ingilis missiyasının aidiyyəti və “komissarların Hindistana aparılması” barədə yayılmış məlumatların mövcudluğu “Hindistan məsələsi”ni doğurmuşdur.

“26-lar” haqqında sovetlər dövründə siyasi, ideoloji, “elmi” versiya vahid məzmun daşıyırdı. “26 Bakı komissarı ingilis cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilmişlər”. Britaniya tədqiqatçıları cidd-cəhdlə əksini sübuta yetirməyə çalışırdılar ki, “26-lar”ın qətlində ingilislərin əli olmamışdır. “Komissarların Hindistana aparılması” haqqında hələ 1918-1919-cu illərdə məlumatların dolaşması, o cümlədən “Şaumyan və digərlərinin” “müttəfiq missiyasının həbs olunmuş üzvləri ilə” dəyişdirilməsinə dair radioteleqramın əldə edilməsi və digər söz-söhbətlər “Sahil bağı”ndakı cəsədlərin çıxarılması nəticəsində 3 cəsədin olmaması faktı ətrafında “köhnə” mülahizələrə “əsas” vermiş oldu. Bəs görəsən əsl həqiqət nədən ibarətdir, tam həqiqəti bilmək olacaqmı?

Öncə “26-lar” rəqəminə aydınlıq gətirmək lazımdır. Doğrudanmı 26 nəfərin hamısı Bakı komissarı olmuşdu? Bəs görəsən qətlə yetirilənlər, daha doğrusu “26-lar” sırasında komissarların hamısı var idimi? S.Şaumyan, P.Caparidze, İ.Fioletov, M.H.Vəzirov, Y.Zevin, Q.Korqanov Bakı Xalq Komissarları Sovetinin əsas komissarları postunu tutmuşdular. Yəni, “26-lar”dan cəmi 6 nəfəri “həqiqi” sabiq komissar statusunda olmuşdur. M.Əzizbəyov isə 1918-ci ilin qanlı mart günlərində Bakı şəhərinin dağlıq hissəsinə mühafizə komissarı təyin edilmiş, Bakı XKS-nin tərkibinə quberniya komissarı kimi daxil olmuş, həmçinin xalq daxili işlər komissarının müavini təyin edilmişdi. “26-lar”dan bir qismi Bakı XKS strukturunda çalışmış kiçik vəzifəli şəxslər olmuşdur. Q.Petrov isə V.Leninin göstərişi ilə Bakı rayonunda fövqəladə hərbi komissar sifətilə Azərbaycana göndərilmişdi. Bir qisim “komissarlar” Qafqaz Qırmızı Ordusunun hərbi hissələri ilə birlikdə Bakıya gəlmişdi.

“26-lar”ın 26-cı nümayəndəsi Tatevos Əmiryan isə “Daşnaksütyun” partiyasının üzvü, “terrorçuların rəhbərlərindən biri” olmuşdur.

Bakı Xalq Komissarları Sovetinin (Bakı XKS) əsas rəhbərləri də daxil olmaqla əksər üzvlərinin hakimiyyətə yiyələnmək yolunda 1918-ci ilin yazında azərbaycanlılara – müsəlman əhaliyə qarşı törətdikləri kütləvi, amansız qırğınlar mahiyyətinə görə soyqırımı siyasətinin gerçəkləşməsi idi. Bakı XKS yaradıldıqdan sonra da bu siyasət yeridilir, qəzalarda yerli müsəlman əhali bolşevik-daşnak birgə silahlı qüvvələri tərəfindən azğınlıqla qətlə yetirilirdi. Məhz Azərbaycan xalqına qarşı yönəlmiş fəaliyyət göstərdiklərinə görə Bakı komissarlarının sonrakı aqibəti ilə bağlı mülahizələr diqqət tələb edir.

Rəsmi xronologiyaya görə, 1918-ci il iyulun 31-də, səhər saat 11-də çağırılmış Bakı Sovetinin təcili iclasında xalq komissarları öz səlahiyyətlərindən əl çəkmiş, “hərbi qüvvələri və dövlət əmlakını paroxodlara yükləyib köçürmək qərara” alınmışdı. Həştərxana köçürülmək üçün ilk cəhd iyulun 31-də edildi. Bakı Sovetinin iclasından sonra RSDFP Bakı Komitəsinin müşavirəsi keçirilmiş, bolşeviklərin sərəncamında olan 20 milyon rublu fəhlələrə paylamaq və bütün qiymətli şeyləri Bakıdan çıxartmaq, “nə türklərə, nə də ingilislərə heç nə qoymamaq” barədə qərar çıxarılmışdı. Pulun bir hissəsi iyulun 31-də bölüşdürülmüş və gündüz saat 4-də komissarlar dövlət bankının bütün qiymətli şeylərini, əmlakını və xalq təsərrüfatı şurasının mühasibatını paroxodlara, xüsusilə “Evelina” paroxoduna yükləmişdilər. Bütün bu işlərə Bakı Sovetinin iclasında təşkil olunmuş komissiya rəhbərlik edirdi. Maye daşıyan gəmilər neft məhsulları ilə doldurulmuş, quru yük daşıyan gəmilərə isə qiymətli metallar, maşınlar və s. yüklənmişdi. “Sovet Rusiyasının hərbi qüvvələri və dövlət əmlakını paroxodlara yükləyib köçürmək” qərara alındığından axşam saat 10-da yola düşmək istədikdə paroxod körpüdən ayrılmağa imkan tapmamış, projektor siqnalları ilə saxlanılmışdır. “Sentrokaspi”nin nümayəndəsi katerdə paroxoda yaxınlaşıb Şaumyan, Caparidze və digər komissarların onlara verilməsini tələb etmişdi. Paroxodu batırmaq təhdidi ilə bolşevikləri geri dönməyə vadar etmiş, Şaumyan və Ter-Qabrielyanı həbs edə bilmişdilər. Bolşeviklər geri döndükdə öz etirazlarını bildirmiş, Şaumyan və Ter-Qabrielyanın azad olunmasını tələb etmişdilər. Petrov da öz növbəsində dəstəsi adından həbs olunanların buraxılması haqqında “Sentrokaspi”yə ultimatum vermişdi. “Sentrokaspi” rəhbərləri fikirlərindən daşınmağa məcbur olmuş və elə həmin gecə bolşeviklər azad edilmişlər. Avqustun 3-də Şaumyan və Ter-Qabrielyan ikinci dəfə şəhəri tərk etməyə cəhd göstərsələr də, matroslar tərəfindən yaxalanmışdılar. Petrov şəhəri top atəşinə tutmaqla hədələdikdən sonra matroslar bolşevikləri buraxmışdılar.

İngilis hərbi qüvvələri Bakıya daxil olduqdan sonra Şaumyan “sovet qoşunlarının Bakıdan çıxarılmasının zəruriliyini” bildirmişdi. Bakını maneəsiz tərk etməyə icazə verilməsi üçün diktatura ilə danışıqlar aparılmışdır. Diktatura hökuməti Petrova türk hərbi qüvvələrinə qarşı vuruşmağı təklif etmiş, lakin o, ingilislərin Bakıda olacaqları müddətdə döyüşlərdə iştirakdan imtina etmişdi. Xəzər donanmasının nümayəndələri avqustun 12-də Petrovun dəstəsinin silahı təhvil-təslim edəcəkləri halda Bakıdan çıxmağa icazə verməyi qərara aldılar. Petrov silahı təhvil verməyə razı olmuşdu: “Belə hesab edirik ki, bizim sərəncamımızdakı döyüş vasitələri və texniki vasitələr olmadan Bakı proletariatı öz azadlığı uğrunda mübarizə apara bilməz və onları bu vasitələrdən məhrum etməyə özümüzü haqlı hesab etmirik, buna görə də bildiririk ki (əgər proletariat ingilis imperialistlərinin qoşunlarını şəhərdən çıxarmağa razı olmasa və bunun üzündən biz Bakıdan çıxıb getməyə məcbur olsaq), həmin hərbi-texniki vasitələr: zirehli avtomobillər, toplar, pulemyotlar, hərbi təchizat, geyim və sair hərbi ştabın sərəncamına veriləcəkdir. Dəstə döyüş əhəmiyyətini itirməmək üçün özü ilə yalnız müvafiq miqdarda silah və sursat, habelə (qarşılıqlı razılıqla) müvafiq miqdarda gəmi aparacaqdır”. Avqustun 11-də Petrov “Mərkəzi Rusiya Federativ Sovet Respublikasının Bakı rayonu hərbi komissarı” kimi bu məktubu imzalayıb “Sentrokaspi Diktaturası”na və Bakı Soveti İcraiyyə Komitəsinin rəyasət heyətinə göndərsə də, Şaumyan və digər bolşeviklər bütün silahın təhvil verilməsinə qarşı çıxmış və 10 zirehli maşını, 10 top və digər ləvazimatı saxlamışdılar. Belə ki, bolşeviklər və Petrovun dəstəsi avqustun 14-də Bakıdan çıxdıqda yalnız içərisində toplar olan 2 barja qalmışdı. Xalq Komissarları Sovetinin üzvləri və sovet qoşunlarının avqustun 14-də Bakını tərk etdikləri gəmilərin sayı ayrı-ayrı mənbələrdə fərqli (15, 16, 17) göstərilir. Güclü fırtına gəmiləri Jiloy adasında dayanmağa məcbur edir. Artilleriyanı və digər hərbi sursatı, atları daşımaq üçün yararlı olmadığından gəmilərin fırtınaya görə dayanması səbəbindən sabahı gün səhər “Sentrokaspi Diktaturası”nın üç hərbi gəmisi (“Astrabad”, “Ərdəhan” və “Göytəpə”) onlara çataraq dərhal Bakıya qayıtmaları tələbini qoymuşdur. Rədd cavabı aldıqdan sonra bolşeviklərin olduğu gəmilər atəşə tutulmuşdur. Komissarlar gecənin qaranlığında “Leyla” barkasında adadan uzaqlaşmağa cəhd etsələr də, gözə çarparaq həbs olunmuşdular. Onlar Bayıl türməsinə salınmışdılar. Bakı limanında tərk-silah edilmiş əsgərlərə isə Həştərxana getməyə icazə verilmişdi. Buradakı vəziyyətlə bağlı Rusiya mərkəzi sovet hakimiyyətini mütəmadi məlumatlandıran Həştərxan hökuməti avqustun 25-də göndərdiyi teleqramda bildirirdi: “Dünən tərk-silah olunmuşları gətirən iki paroxod gəlmişdir, qalan paroxodların da gəlməsi gözlənilir; baltiklilərin bir hissəsi həbs olunmuşdur”, – komissarların avqustun 14-də Bakını tərk etmək cəhdi barədə teleqramda ətraflı məlumat verilir və müvafiq tədbirlər görülməsi tələb olunurdu: “Şaumyan, Caparidze, Fioletov, Korqanov yoldaşları və başqalarını güclü süvari dəstəsinin müşayiəti ilə Bayıl həbsxanasına göndərmişlər… Bizim həbs edilmiş yoldaşlarımıza fitnə yolu ilə divan tutula biləcəyini nəzərə alaraq və onların həyatının təhlükəsizliyini təmin etmək üçün eser, menşevik və daşnak partiyalarının görkəmli işçilərini həbs edib zamin saxlamaq lazımdır”.

Stepan Şaumyanın oğlu Suren Şaumyanın “26-lar”ın qətli ilə bağlı məhkəmədə verdiyi şahid ifadəsində göstərilirdi ki, Petrov körpüsündə həbsdən sonra 30, yaxud daha çox adamı Şamaxı həbsxanasına göndərdilər. Onların sırasında Caparidze, Petrov və başqalarının olduğu bildirilirdi. Bakı uğrunda gedən döyüşlər şiddətləndiyindən “Şamaxinka” rayonundakı həbsxanada məhbusların saxlanması təhlükəli sayılmış, onları da Bayıl həbsxanasına köçürmüşdülər. Bayıldakı məhbus bolşeviklərin sayı Suren Şaumyanın ifadəsinə görə, 35 nəfər idi. Məhbus bolşevik rəhbərlərini həbsdən qurtarmaq işini, özünün yazdığına görə, Mikoyan yönəldirdi. Komissarlar həbsdən buraxılmazsa, “Sentrokaspi Diktaturası”nın üzvləri ölümlə təhdid edilirdi. Mikoyan məhbus bolşevikləri azad etmək missiyasına başçılıq edir, Petrovun və Şaumyanın Bakını tərk etmək cəhdlərini diktatura üzvləri qarşısında inkar edirdi. Diktatura tərəfindən xalq düşməni və xaini hesab edilən sabiq Bakı xalq komissarlarını mühakimə etmək qərara alınmışdı. Sentyabrın 11-də başlanan prosesi başa çatdırmaq mümkün olmadı. Bakı şəhəri Qafqaz İslam Ordusunun nəzarətinə keçdikdə məhbus bolşeviklər Bayıl həbsxanasında idilər. Bundan 3-4 gün əvvəl S.Şaumyanın oğlu Suren Şaumyan sağ eserlərin liderlərindən Sako Saakyanın zaminliyi ilə 16 yaşı tamam olmadığından zaminə buraxılmışdı. Surenin şahidlik ifadəsinə görə o, həbsdən çıxmazdan əvvəl atası Stepan Şaumyan yenidən daşnaklarla əməkdaşlıq etmək planını açıqlamışdı. Bu məqsədlə məktub yazıb, “Daşnaksütyun” partiyasının banilərindən olan Rostom Zoryana verməyi tapşırmışdı. Erməni milli şurasının faktiki rəhbəri olan R.Zoryan və digər daşnak Gülxandanyan S.Şaumyanın əməkdaşlıq təklifini cavablandırmamaqla rədd etmiş oldular.

Həm Surenin, həm də Mikoyanın bildirdiyinə görə, Surenin kiçik silahlı qrupla həbsxanaya həmlə etmək cəhdi uğursuzluqla nəticələnmişdir. Bakı eserlərinin liderlərindən olan A.Veluntsdan silahlı mühafizə altında komissarları təxliyyə etmək icazəsi alınsa da, həbsxanadan olan silahlı mühafizə yolda ikən dağılışmışdı. Bakı komissarlarını gözləməli olan “Sevan” gəmisi isə limanda yox idi. Həmin gəminin komandasına bolşevikləri Həştərxana çatdırmalı olduqları barədə xəbərdarlıq edilmişdi. Qaçqınların olduğu “Türkmən” gəmisində daşnak Tatevos Əmiryan öz silahlı dəstəsi ilə şəhəri tərk etməyə hazırlaşırdı. Sıralarında qardaşı Arsen Əmiryanın olduğu məhbuslara “Türkmən” gəmisinə yerləşməyi təklif etmiş və paroxod Həştərxana deyil, Krasnovodska yola düşmüşdü. “Türkmən” paroxodu sentyabrın 16-sı axşam saat 8-9-da Krasnovodska çatmışdı.  Bu barədə Mikoyanın, Zaytsevin ifadələri ilə Suren Şaumyanınkı arasında fərq var. Suren Krasnovodska 17-nə keçən gecə çatdıqlarını deyir.

Paroxodda  2 ingilis zabiti də olmuşdur: mayor X.F.Sattor və unter-zabit A.P.Bullen. Sentyabrın 17-si səhər Zakaspi hökuməti adından gəmidəki bütün silahların təhvil verilməsi tələb olunmuşdur. Tərk-silahdan sonra həbs prosesi başlanmışdı. Suren Şaumyanın ifadəsinə görə, axtarış zamanı həbs edilənlərin heç birində silah tapılmamışdır, yalnız Mikoyanda “Kolt” sistemli tapança aşkarlanmış və götürülmüşdür. Tatevos Əmiryanın yavəri Ruben Keqamyan gəmidəki bolşevikləri tanıtmaqla hamısını ələ vermişdi.

Firdovsiyyə ƏHMƏDOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında

 Dövlət İdarəçilik Akademiyasının

  Tarix kafedrasının müdiri, əməkdar müəllim

Həmçinin yoxlayın

Dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı tərəfdarlar həbs edilbilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı …

Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə yoluxma halları artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə …

Bir cavab yazın