
GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları və hərbi əməliyyatların arxasında Vaşinqton, Moskva və Pekin arasında daha geniş rəqabət gedir. Bu rəqabət müharibənin taleyinə və dünyadakı güc balansına təsir göstərə bilər.
Təhlükəsizlik və kəşfiyyat sahəsində fəaliyyət göstərən ABŞ-ın «Soufan» analitik mərkəzi oktyabrın 16-da dərc etdiyi «Böyük güclər arasındakı rəqabət İranın müharibə səylərini gücləndirir» adlı təhlilində yazır ki, Rusiya və Çin İrana hərbi və kəşfiyyat yardımı göstərməklə ABŞ üçün müharibəni davam etdirməyin xərcini artırıblar. Bununla belə, hər iki ölkə İrana dəstəyin Vaşinqtonla və Fars körfəzi ərəb ölkələri ilə münasibətlərinə ciddi zərər vurmasından ehtiyat edir.
«Soufan» mərkəzinin qiymətləndirməsinə görə, Rusiya və Çinin İrana dəstəyinin əsas ortaq səbəbi ABŞ-ın beynəlxalq aləmdə üstün mövqeyini zəiflətməkdir. Moskva və Pekinin fikrincə, İranın Vaşinqtonun hərbi təzyiqinə müqavimət göstərməsi ABŞ-ın qüvvə və resurslarının bir hissəsini Yaxın Şərqdə məşğul saxlaya, onun dünyanın digər bölgələrində fəaliyyət imkanlarını məhdudlaşdıra bilər. Tehran da bu rəqabətdən faydalanır, çünki texnologiya və kəşfiyyat sahəsində hətta nisbətən məhdud yardım belə ABŞ-ın silah üstünlüyü qarşısında əhəmiyyətli hərbi dəyərə malik ola bilər.
Rusiya ilə bağlı araşdırmada «Soufan» mərkəzi CNN-in bu ölkənin casus peyklərinin Fars körfəzi üzərində fəaliyyəti barədə araşdırmasına istinad edir. CNN sentyabr ayında xəbər vermişdi ki, Rusiya peyklərinin topladığı məlumatlar İrana ABŞ-ın hərbi hədəflərinə qarşı dəqiq zərbələr endirməkdə kömək etmiş ola bilər. Ən diqqətçəkən nümunələrdən biri martın 27-də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına edilən hücumdur. Hücum nəticəsində ABŞ-ın mühüm hərbi texnikasına ziyan dəymiş, 12 amerikalı hərbçi yaralanmışdı. Rusiya peyklərinin hərəkət trayektoriyasının araşdırılması onların bir neçəsinin hücumdan əvvəl həmin aviabazanın üzərindən keçdiyini göstərirdi.
Hesabatda Fransanın «Science Po» universitetinin tədqiqatçısı Nikol Qrajevskinin fikirlərinə də yer verilir. O bildirir ki, Rusiyanın kəşfiyyat dəstəyi İranın əməliyyatlarının ən azı ilkin mərhələsində mühüm rol oynayıb və ABŞ-ın hərbi imkanlarının bir hissəsinin fəaliyyətini pozmağa kömək edib. Başqa sözlə, dəqiq peyk məlumatlarına çıxış İranın belə məlumatlar olmadan zəif nöqtələrini müəyyənləşdirmək olduqca çətin olan obyektləri hədəfə almasına imkan yarada bilər.
«Soufan» mərkəzi Rusiyanın İranın raket ehtiyatlarının bərpasına yardım göstərməsi barədə «Bloomberg»in məlumatına da istinad edir. Həmin xəbərə görə, adı açıqlanmayan qərbli rəsmi Moskvanın İran İslam Respublikasına raketlər tədarük etdiyini bildirib. Bu addım ABŞ-ın hücumları genişlənəcəyi təqdirdə İranın cavab zərbələri endirmək imkanlarını artıra bilər. Rusiya Müdafiə Nazirliyi «Bloomberg»in şərh almaq müraciətinə cavab verməmişdi.
Qiymətləndirmənin digər hissəsində «Soufan» mərkəzi «Financial Times» qəzetinin məlumatına istinad edir. Həmin məlumata əsasən, Rusiya 2023-cü ildən etibarən İrana hipersəsli qanadlı raketlərin hazırlanması üçün texnologiyalar verib. Bu texnologiyanın əhəmiyyəti onun ABŞ-ın aviadaşıyıcılarını və digər hərbi gəmilərini hədəfə almaq potensialı ilə bağlıdır. Analitiklər xəbərdarlıq edirlər ki, belə bir raketin ABŞ hərbi gəmisinə uğurla dəyməsi, xüsusilə çoxsaylı itkilərə səbəb olacağı təqdirdə, müharibənin kəskin şəkildə genişlənməsinə gətirib çıxara bilər.
«Soufan» mərkəzinin qiymətləndirməsinə görə, Çinin İrana hərbi dəstəyi Rusiyanın dəstəyi ilə müqayisədə daha az sistemli ola bilər, lakin bu, onun əhəmiyyətinin az olması demək deyil. Analitik mərkəz «Wall Street Journal» qəzetinin məlumatına istinad edir. Həmin məlumatda iddia olunur ki, İran iyul ayında İordaniyadakı ABŞ hərbi bazasına raket hücumu etməzdən əvvəl Çin qurumlarından yüksək dəqiqlikli peyk görüntüləri alıb. Həmin hücum nəticəsində üç amerikalı hərbçi həlak olmuşdu.
«Soufan» mərkəzi həmçinin Çinin İranın ballistik raketləri üçün bərk yanacağın istehsalında istifadə olunan kimyəvi maddələri tədarük etməsi barədə məlumatlara diqqət çəkir. Mərkəzin qiymətləndirməsinə görə, ABŞ-ın dəniz blokadası bu prosesi, ehtimal ki, dayandırıb. «Reuters»in başqa bir məlumatında isə Çin şirkətinin İrana yüzlərlə daşına bilən hava hücumundan müdafiə sistemi verməyi planlaşdırdığı bildirilirdi. ABŞ rəsmiləri bu plan barədə məlumat əldə etdikdən sonra tədarükün qarşısını almaq üçün müdaxilə ediblər. Bununla yanaşı, İranın gəmi əleyhinə raket imkanlarının bir hissəsi köhnə Çin texnologiyalarına əsaslanır və bu texnologiyaların istehsalı son illərdə İran daxilində mənimsənilib.
«Soufan» mərkəzinin yazdığına görə, Vladimir Putinin hesablamaları yalnız İran müharibəsi ilə məhdudlaşmır. Moskva Tehranla əməkdaşlığın Ukrayna ilə bağlı danışıqlarda ona əlavə təzyiq vasitəsi qazandıracağına ümid edir. Digər tərəfdən, Tramp və Putinin Rusiya dizel yanacağının ixracını asanlaşdırmaq barədə son razılaşması İran müharibəsinin yaratdığı enerji böhranının Vaşinqtonun Moskva siyasətinə necə təsir etdiyini göstərir. Rusiya İrana dəstək verməklə, Ukrayna müharibəsində İrandan «Şahid» dronları almaqla əldə etdiyi yardımların bir hissəsini də qarşılıqlı şəkildə kompensasiya edir.
«Soufan» mərkəzi Çinin motivlərini də Vaşinqtonla qlobal rəqabət çərçivəsində təhlil edir. Mərkəzin qiymətləndirməsinə görə, Pekin Tehranla əməkdaşlıqdan Tayvana ABŞ silahlarının satışı kimi məsələlərdə özünün danışıqlar mövqeyini gücləndirmək üçün istifadə edə bilər. Bununla belə, Çin və Rusiya İran İslam Respublikasına qeyd-şərtsiz dəstək vermək naminə Fars körfəzi ərəb ölkələri ilə geniş iqtisadi və siyasi əlaqələrini qurban vermək istəmirlər.
Hesabatda Donald Trampın da Moskva və Pekinin Tehrana dəstəyinin məhdudiyyətlərinə toxunduğu qeyd olunur. ABŞ prezidenti bazar ertəsi jurnalistlərlə söhbətində iddia edib ki, Rusiya və Çin İrana hərbi yardım göstərsələr, itirəcəkləri çox şey var. O, həmçinin belə dəstəyin əhəmiyyətli səviyyədə göstərildiyinə inanmadığını bildirib. Bu mövqe iki ölkənin kəşfiyyat və silah dəstəyi roluna dair yayılan qiymətləndirmələrdən açıq şəkildə fərqlənir.
«Soufan» mərkəzi daha sonra məsələnin diplomatik tərəfinə diqqət çəkir. Putin və Si Cinpin İranla əlaqələrini qorumaqla yanaşı, müharibənin başa çatdırılması üçün mümkün vasitəçilər kimi də çıxış etməyə çalışıblar. Çin prezidenti böhranın həlli istiqamətində əməkdaşlıq təklif edib, Rusiya prezidenti isə Məsud Pezeşkianla görüşündə Moskvanın münaqişənin diplomatik yolla həllinə kömək etməyə hazır olduğunu bildirib. Bununla belə, mərkəzin qiymətləndirməsinə görə, həm İrana dəstək, həm də Tehranla Vaşinqton arasında vasitəçilik hər iki dövlətin qlobal maraqları ilə bağlı daha mürəkkəb hesablamalarının bir hissəsidir.
Nəhayət, «Soufan» mərkəzi Rusiya və Çinin hərbi dəstəyinin müharibənin nəticəsinə real təsiri barədə hələ də vahid fikrin olmadığını vurğulayır. Bəzi ekspertlər bu yardımların İranın çəkindirmə imkanlarını artıraraq ABŞ-ı müharibədən geri çəkilməyə məcbur edə biləcəyini düşünürlər. Digərləri isə Vaşinqtonun texnoloji və hərbi üstünlüyünün hələ də o qədər böyük olduğunu hesab edirlər ki, xarici yardımlar İranın müharibədəki əsas vəziyyətini dəyişə bilməz.
Bununla belə, analitik mərkəzin qiymətləndirmələrindən belə nəticə çıxır ki, Moskva və Pekinin yardımının təsirlərini yalnız göndərilən raketlərin və hərbi texnikanın sayı ilə ölçmək olmaz. Peyk kəşfiyyatı, hərbi texnologiyalar və diplomatik dəstək ABŞ-ın seçim imkanlarını məhdudlaşdıra və müharibənin daha da genişlənməsinin xərcini artıra bilər. Beləliklə, İran müharibəsi böyük güclər arasındakı rəqabətin daha bir meydanına çevrilib. Bu rəqabətdə nə Rusiya, nə də Çin mütləq şəkildə Tehranın tam qələbəsini istəyir, lakin hər iki ölkə ABŞ-ın öz məqsədlərinə qısa müddətdə nail ola bilməməsindən faydalana bilər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi