Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Təbrizdə 70 günlük mübarizədən sonra azərbaycanlı körpəyə Sayqı adına doğum şəhadətnaməsi verilib

GADTB: Təbrizdən olan azərbaycanlı ailə 70 gün davam edən müraciət və mübarizədən sonra qız övladına Sayqı adına doğum şəhadətnaməsi almağa nail olub.

Körpənin anası İlahə #Balamın_adı kampaniyasına açıqlamasında bildirib ki, qızı 1405-ci il ordibehişt ayının 29-da dünyaya gəlib və ona türk dilində “ədəb və hörmət” mənasını verən “Sayqı” adı qoyulub.

Lakin Təbriz Vətəndaşlıq Qeydiyyatı İdarəsinin əməkdaşları doğum şəhadətnaməsinin verilməsinə qarşı çıxaraq bildiriblər ki, bu ad qurumun elektron sistemində mövcud deyil və rəsmi olaraq tanınmır.

İlahənin sözlərinə görə, ailə hüquqlarını müdafiə etmək üçün məhkəməyə şikayət etməyə məcbur olub. Eyni zamanda, tanışlarından birinin tövsiyəsi ilə Vətəndaşlıq Qeydiyyatı Təşkilatının “İnteraktiv Ad Saytı”na müraciət edərək “Sayqı” adını, eləcə də onun mənasını və məzmununu sistemə daxil edib və adın nəzərdən keçirilməsini istəyib.

Bir neçə gün sonra ailəyə təklif etdikləri adın Tehranda araşdırıldığı və qeydiyyata alınmasının təsdiqləndiyi barədə məlumat verilib. Daha sonra onlara SMS göndərilərək “Sayqı” adının təsdiq olunduğu və doğum şəhadətnaməsini almaq üçün qeydiyyat idarəsinə müraciət edə biləcəkləri bildirilib.

Beləliklə, 70 gündən sonra Təbriz Vətəndaşlıq Qeydiyyatı İdarəsi körpəyə doğum şəhadətnaməsi verib. Bununla da “Sayqı” adı ilk dəfə qurumun elektron qeydiyyat sisteminə daxil edilib.

Doğum şəhadətnaməsinin verilməməsi uşaqların bir sıra hüquqlardan məhrum olmasına səbəb olur. Bu, tibbi sığorta, peyvənd, səhiyyə və müalicə xidmətlərindən yararlanmaq imkanlarının məhdudlaşması ilə yanaşı, valideynlərin dövlət subsidiyaları və “Ədalət səhmləri” proqramı çərçivəsində nəzərdə tutulan imkanlardan məhrum edilməsinə, ailələr üçün əlavə xərclərin yaranmasına, eləcə də valideynlərin stress və psixoloji təzyiqlə üzləşməsinə gətirib çıxarır.

Ölkənin də imzaladığı BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 7-ci maddəsində uşağın doğulduqdan dərhal sonra qeydiyyata alınmalı olduğu və hər bir uşağın doğulduğu andan ad daşımaq hüququna malik olduğu vurğulanır.

Konvensiyanın 8-ci maddəsinə əsasən isə iştirakçı dövlətlər uşağın, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini əhatə edən kimliyini qanuna uyğun şəkildə və qanunsuz müdaxilə olmadan qorumaq hüququnu təmin etməyi öhdələrinə götürürlər.

Həmçinin yoxlayın

İslam Respublikasının daha bir cinayəti ifşa edildi: İran Myanma ordusuna aviasiya yanacağını saxta sənədlərlə ixrac edib

GADTB: “Reuters” xəbər agentliyinin araşdırması göstərir ki, İslam Respublikasının ixrac etdiyi reaktiv təyyarə yanacağı saxta …

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …