GADTB: Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zaman etibarilə böyük bir dövrü əhatə etməsə də, XX əsr Azərbaycan tarixində xüsusi rol oynayıb. Dövrün tələbi və milli mənafeyimiz naminə bərqərar olan respublika milli sərvətlərimiz üzərində ali hakimiyyət hüququ əldə etməklə xalqımızın beynəlxalq aləmdə tanınması yolunda da mühüm addımlar atdı. XIX əsrin ilk illərindən çarizmin zülm yükünü öz üzərində daşımağa məcbur olmuş bir xalq, 1918-ci ilin 28 mayında milli istiqlaliyyətini elan etdi, müstəqil daxili və xarici siyasət yeritmək imkanı əldə etmiş oldu. Məmməd Əmin Rəsulzadə və onun məsləkdaşları qısa bir vaxtda yurdumuzun müstəqil bir ölkə kimi beynəlxalq aləmdə tanınmasına heç də asan yolla nail olmadılar, qarşıya son dərəcə ciddi maneələr çıxırdı. Bu maneələrin yaranmasında müstəmləkəçi dövlətlərlə yanaşı xalqımıza düşmən kəsilmiş erməni daşnakları da az rol oynamadılar.
İstiqlal bəyannaməsindəki müstəqil və qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin qurulması zərurəti prinsipləri Azərbaycanın cənub qonşusu olan İranla da normal münasibətlərin yaranmasını tələb edirdi.
Yusif Vəzir Çəmənzəminli “Xarici siyasətimiz” əsərində yazırdı: “Rusla İranın arasında Azərbaycan dövləti təşəkkül etdi. Rus qorxusuna qarşı Qafqaz orduları döşlərini sipər edərək durdular və duracaqlar. İran da asudə nəfəs almağa başladı. Bundan sonra iki qonşu və müsəlman dövlətləri arasında dostluq hüsulə gəlməlidir. İranla aramızda məchul və ixtilaflı bir məsələ yoxdur. İki qonşu dövlətin tərəqqisi yalnız dostluq ilə ola bilər. İran bizi tutarsa və bizi müstəqil deyə tanırsa, özü üçün şimal tufanına qarşı sipər qazanar ” [4, s. 34-35].
Y.V. Çəmənzəminli “Müstəqilliyimizi istəyiriksə…” əsərində yazır: “Dövlətimizin Azərbaycan adlandığı sui-təfəhhümlərə (yalnış anlamlara) səbəb oldu. Halbuki, Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. İranın hüququna təcavüz etmək fikrində deyilik, olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır” [5, s. 56].
Həmin dövrlə bağlı T.Svyatoçovski yazır: “Tehran Azərbaycan Cümhuriyyətinin Təbrizi İrandan ayırmaq üçün Osmanlıların əlində alət olduğunu hiss edirdi. Bu şübhə Osmanlıların 1918-ci il iyun ayı boyunca bu vilayəti təkrar işğal etməsilə daha da güclənmişdi. Nəticədə Azərbaycan hökuməti yanında İranın həyəcanını yatırmaq üçün, xarici siyasətində “Qafqaz Azərbaycanı terminin işlətdi” [15, s. 177-178].
İranın rəsmi diplomatik nümayəndələri “Azərbaycan” adına etiraz etməklə yanaşı, İranın şimalında müstəqil dövlətlərin, xüsusən müsəlman dövlətlərin yaranmasını İranın mənafeyinə uyğun hesab edirdilər.
Qeyd edək ki, Qacar İran dövlətinin bir sıra dövlətlər kimi, uzun müddət Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etməsi, ona ərazi iddiaları irəli sürməsi və bunun üçün Paris sülh konfransında səy göstərməsi, yalnız müttəfiqlər tərəfindən Azərbaycanın rəsmən tanınmasından sonra İranın Azərbaycan Xalq Cümhuriyyətini tanıması faktı, Müsavat hökumətinin çıxış yolunu İranla həmrəylikdə görməsi, ölkəmizin “Muxtar Cümhuriyyət” adlandırması və s. məsələlər İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Sənədlər və Diplomatiya Tarixi Mərkəzinin nəşr etdirdiyi “Heyət-e Fouğalade-ye Ğəfğaziyyə” sənədlər toplusu kitabında tam aydınlıq gətirilmişdir [18].
Paris sülh konfransında təqdim etdiyi memorandumunda İran, demək olar ki, bütün keçmiş Azərbaycan xanlıqları ərazisinə iddia irəli sürdü. Lakin get-gedə İran Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddialarının perspektivsizliyini başa düşdü və siyasi reallıqlarla razılaşmaq məcburiyyətində qaldı.
İranla AXC arasında ilk diplomatik münasibətlər 1919-cu ilin yazında İsmayıl xan Ziyadxanın (Adil xanın qardaşı) başçılığı ilə Tehran Fövqəladə missiyanın göndərilməsi ilə quruldu. Bu missiya İran hökuməti ilə bir sıra əhəmiyyətli məsələlər üzrə ilkin danışıqlar aparmış, AXC-nin Tehranda diplomatik nümayəndəliyinin Təbrizdə, İranın sərhəd və mərkəzi məntəqələrində konsulluqların yaranması məsələlərini müzakirə etmişdi [8 s. 190].
1919-cu ilin yanvar ayının sоnu (1338-ci il Rəbiüssani ayının axırları) Fətəli xan Xоyski hökuməti elan etdi ki, bundan öncə adı çəkilmiş Adil xanın qardaşı Ismayıl xan Ziyadxanlının başçılığı ilə əhalinin hissiyatını təbliğ etmək üçün Tehrana bir heyət göndərmək qərarına gəldilər. Bununla da о, qarşılıqlı anlaşma üçün bir addım atırdı.
İsmayıl xan Ziyadxanlı həmin ildə, yəni 1919-cu il aprel ayının оrtalarında Ənzəli yоlu ilə Irana daxil оldu. Yarı rəsmi «Iran» qəzeti «Qоnaq bizdəndir» adlı dərc etdirdiyi bir məqalədə «Qafqaz islam millətinin» nümayəndəsinin Irana gəlişindən məmnunluğunu bildirərək (Qədim dövrdən Qafqazla Iran geniş əlaqədə оlub) yazır ki, «… Bu möhtərəm qоnaq bizdəndir, yəni о tayfadandır ki, Iranda 100 ildən artıq səltənət etmiş, sözün əsl mənasında Iran dövlətinin və millətinin nümayəndəsidir. Cənab Ismayıl xan Ziyadxanlı (Qacar – S.T.) tayfasındandır, bunlar Gəncədə ən möhtərəm və etibarlı xanlardan sayılırlar və çar Rusiyası hökumətinin işğalından öncə Gəncədə hökmranlıq etmişlər». Xarici Işlər Nazirliyi rəsmiləri ilə Ismayıl xan arasında müxtəlif sahələrdə, xüsusilə Iran təbəələrinə dəymiş xəsarətin qarşılığını ödəmək, pоçt və ticarət sahəsindəki prоblemlərin həlli ilə müzakirələrdən başqa Şərqi Qafqaz xanlıqlarının Azərbaycan adlandırılması mövzusu əsas məsələlərdən biri idi [20, s. 107-108].
Bu arada Tehranda Ismayıl xan Ziyadxanlı və Iran Xarici işlər nazirlyi arasında cərəyan edən müzakirələr, Bakı mühitindən uzaq оlduğuna görə nisbi nailiyyətlərlə nəticələndi. Müzakirə mövzusu оlan məsələlər haqqında müəyyən razılışmalar əldə edildi və 4 iyun 1919-cu ildə Ismayıl xan Ziyadxanlı ilə Rus idarəsinin müdiri Mötəsəmül Səltənənin imzası ilə 14 maddədən ibarət müqavilə layihəsi imzalandı. Bu müqavilədə Respiblikanın (Azərbaycan Xalq Cümhuriyyəti nəzərdə tutulur – S.T.) tanınması mövzusu yaxud da iki dövlət arasında müştərək sərhədlər məsələsi müzakirə оbyekti оlmalı idi. Daha dоğrusu, əsas müzakirə iki dövlət arasında ticari münasibətlərlə bağlı mövcud prоblemlərin təcili aradan qaldırılması və iki dövlət vətəndaşlarının mütərəqqi оlaraq hüququnun qоrunması məsələsi müzakirə оbyekti оldu.
Lakin bununla belə işin nəticəsi təsdiqlənib qəbul məsələsinə çatan kimi о da ləğv edildi. Belə nəzərə çarpır ki, Bakı hökuməti bu razılaşmanın tənzimlənməsi prоsesindən xəbərsiz оlmuşdur, çünki şəban ayının оrtalarında Azərbaycan Xarici Işlər Nazirliyi Ismayıl xanın qayıdış vaxtını öyrənərkən qeyd etmişdir ki, оnun hərəkət etdiyi gündən məlumatsız оlmuşdur. Elə buna görə də, sоnrakı mərhələlərdə Bakıda bu razılaşma haqqında söhbət getdiyində (öndə görəcəyimiz kimi –S.T.) bu mövzu nəticəsiz qaldı. (20, səh. 113-114)
AXC-nin görkəmli diplomatik xadimlərindən olan A.Ziyadxanlı haqqında bir qədər ətraflı məlumat verməyi məqsədə uyğun sayıram.
Azərbaycanın XX yüzillikdə yetirdiyi siyasi xadimlərdən biri də rus işğalçılarına qarşı qəhrəmancasına mübarizədə, döyüş meydanında həlak olmuş Gəncə xanı Cavad xanın nəticəsi, dövrünün tanınmış ziyalısı, dövlət xadimi və diplomatı Adil xan Ziyadxanlıdır. Cavad xan oğlu Hüseynqulu xan ilə birlikdə gəncə qalasının divarları üzərində həlak olduğu 1804-cü ildən 1918-ci ilə qədər keçən 114 il ərzində Rusiya Azərbaycanı öz tarixi köklərindən qoparmaq, simasızlaşdırmaq, onu silah gücünə yaradılan imperiyanın içərisində əritmək üçün az iş görməmişdi. Lakin şirin vədlərin, hədə-qorxunun və top-tüfəngin bütün səylərinə baxmayaraq, azadlıq və müstəqillik ruhu daim yaşamış, tarixi şərait yaranan kimi Azərbaycan xalqı öz sözünü demişdi [14].
A.Ziyadxanlı 1870-1871-ci illərdə Gəncədə anadan olmuşdur. İlk təhsilini xüsusi müəllim yanında almış, sonra isə Gəncə mədrəsəsində oxumuş, Moskva Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə bitirmişdi. O, rus, fransız, ingilis və fars dillərini mükəmməl mənimsəmişdi. Geniş ictimai-siyasi fəaliyyət göstərən A.Ziyadxanlı “Qafqaz müsəlmanları şurasının” 7 üzvündən biri idi.
O, öz həyatı ilə bağlı yazır: “Qafqazda, Gəncə şəhərində anadan olmuşam. İki qardaşım var idi və hər ikisi məndən böyük idi. Biz üç qardaş atamızın nəsihətlərinə qulaq asaraq elm öyrənməyə başladıq. Atam həmişə deyərdi: “Mənim övladlarım! Bu dünyada üç şey – dünya malı, şan-şöhrət, xidmət və hökumət və s. fanidir. Daimi xoşbəxtlik yoxdur. Bu dünyada insana müvəqqəti xoşbəxtlik bəxş etməyə qadir olan bir şey varsa, o da mərifət, tərbiyə, elm və əməkdir. Rüzgarın bir dəmində ola bilsin ki, sizin bütün maddi sərvətiniz əlinizdən çıxsın. Lakin sizin elm adlı sərvətiniz siz durduqca duracaq və həyatın ən çətin anlarında sizə əl tutacaq”.
D.B.Seyidzadə “Rusiya Dövlət Dumasında Azərbaycan deputatları” kitabının XIX-XX əsr ərəfəsində Azərbaycan burjuaziyası və onun ideologiyasına aid I fəslində yazır: Proqramın bəndlərinin təhlili onu göstərir ki, təkliflərlə yanaşı, proqramı hazırlayanların fikrincə, – burada əyalətin sakitləşdirilməsindən başqa, həm də demokratik fikirlər də vardır. A.Ziyadxanov Dumada müzakirə zamanı qeyd edir ki, “müsəlman nümayəndələr proqramı tərtib edərkən qarşılarına öz siyasi ideyalarını həyata keçirmək məqsədi qoymamış, əksinə,– bizim inamımıza əyalətdə qalxan dalğaların yatırılmasına gətirib çıxaracaq bəndlər yazmışlar. Yalnız bundan sonra 17 oktyabr manifesti və hər hansı azadlıq haqqında danışmaq olar. Nə qədər ki, bu qanlı hadisələr Damokl qılıncı kimi başımızın üstündə asılıb, heç bir azadlıq haqqında arzu etmək olmaz. Azadlıq müsəlmanlara hava kimi lazımdır” [17, s. 24].
Hüseyn Baykara 1905-ci il birinci rus inqilabının Azərbaycana təsiri barəsində belə yazır: “1905-ci ilin bahar və yay aylarında Bakıda başlanan milli hərəkat, Azərbaycanını digər şəhərlərində də yayıldı. Çar idarəsinin qoyduğu məhdudiyyətlərə baxmayaq Gəncə bələdiyyəsinə seçkilər zamanı 55 nümayəndə seçilmişdi. Bu seçkilər çar idarəsi tərəfindən təsdiq olunmasa da milliyətcə türk olan 55 nümayəndənin iştirakı ilə bələdiyyənin iclası davam etdirildi” [6, s.110-111].
Gəncə yaxınlığındakı Hacıkənddə keçirilən iclasda Əlimərdan bəy Topçubaşov Qafqaz müsəlmanları ilə Azərbaycan türklərinin siyasi, sosial, iqtisadi ehtiyaclarını anlatdıqdan sonra, yerli və müstəqil bələdiyyə, vilayət məclisi, kənd idarə heyətlərinin yaradılması zərurətini izah etdi. İclasda qərara alındı ki, Gəncə qəzasında və vilayət mərkəzində yaradılması nəzərdə tutulan müstəqil yerli idarələr haqqında xalqa məlumat üçün yığıncaqlar keçirilsin. Yığıncaqların təşkil olunması Adil xan Ziyadxanov, Ələkbər bəy Rəfibəyov, Ələkbər bəy Xasməmmədov və cahangir Xoyskiyə həvalə olundu. Bundan başqa Ə.Topçubaşov, A.Ziyadxanov Ə.Xasməmmədovdan ibarət üç nəfərlik heyət seçildi. Onlara Gəncə bələdiyyəsinə aparılan seçkiləri təsdiq etdirmək, müsəlmanların yerli idarələrə seçkisindəki hüquqi məhdudiyyətlər haqqında qanun dəyişdirilincəyə qədər yeni seçkilərin dayandırılması üçün rus idarələrində çalışan vəzifəli şəxslər qarşısında təşəbbüs qaldırılması tapşırılır.
Leninin və onun əlaltılarının Azərbaycanı işğal etmək, Bakı neftini yenidən ələ keçirmək haqqında planlar cızdığı bir vaxtda Adil xan Ziyadxanlı Azərbaycanın rus xalqına, müstəmləkəçilik azarına tutulmayan rus xalqına münasibətini ümumiləşdirərək yazırdı: “Təəssüf ki, biz Azərbaycan türkləri üzərində alitəbiətlik və insaniyyət sifətləri əskik olmayan və Lev Tolstoylar və sairələr yetirmiş həqiqi rus millətini içərimizdə görməmişik və o millət ki, Azərbaycan müstəqil dövləti yenə vaxtında beynəlxalq qayda üzrə onunla ticarət, iqtisad və sair cəhətdən dostanə əlaqə bərpa edəcəkdir”.
Adil xan Ziyadxanlı 1918-ci ildə dövlət idarələrində və məktəblərimizdə ana dilimizin işlədilməsinə etiraz əlaməti olaraq yazırdı: “Məhəlli məhkəmə idarələrimizdə öz ana dilimiz işlədilmirdi. Oradakı hakimlər dilimiz bilmirdi və bilmək də istəmirdilər və öz hüquqşünaslarımızdan da məhkəmələrimizdə hakim təyin etmirdilər… Türk dilimiz bütün məktəblərdən qovulmuşdu. Rəsmiyyəti gözləmək xəyalilə türk balalarına ancaq həftədə bir dəfə dərs oxumaq ixtiyarı verilirdi ki, bu dərs də ancaq şagirdlərin yorğun və həvəsdən düşdüyü zamanda təyin olunmuşdu. İnsana qarşı bundan artıq da xəyanət və zülm olarmı ki, millətin ana dilində oxumağına mane olsunlar. Bir millətin birinci və ali neməti və fəxri onun dilidir. Onun dilini əlindən almaq onu öldürmək deməkdir”.
Dünya hərb tarixində özünəməxsus yer tutan və daim müsəlmanların və türklərin imdadına yetişən Osmanlı ordusunun Bakıya gəlişi ilə bağlı qeyd edir ki, Dövləti-Aliyyəyi-Osmaniyyə xahişimizi qəbul edib dərhal bir ordu qüvvəsi Azərbaycana göndərdi və bu ordu iyun ayının əvvəllərində 1918-ci ildə Azərbaycana daxil oldu. Az bir zamanda Osmanlı türkləri və Azərbaycan türkləri köməkləşib davam edən ixtişaşı yatırmaqla məmləkətimizi də bolşevik və ermənilərdən xilas etdilər. Türk ali komandanlığı əvvəlcə Gəncə şəhərini özlərinə idarə mərkəzi qərar verdi. Həmin Gəncə ki, bolşeviklər onun zəbtinə nəhayət şövqlə hazırlaşırdılar. Lakin gəncəlilər bütün qüvvələrilə ordunu mühafizə və müdafiə etdilər. Gəncə şəhərinin möhkəm durması həm də Şəmkir davasında bolşeviklərin qabağını saxlamaqla türk ordusunun işini və hərəkati-hərbiyyəsini bir dərəcədə asanlaşdırmışdır… Türklərin nə qədər başları Bakının alınması ilə məşğul idi, Andranik vaxtında fürsət tapıb Qarabağda müsəlmanlara rəva gördükləri zülmü icra etdi. Mühasirəyə alınmış Qarabağ müsəlmanlarının əhvalı o qədər fənalaşmışdı ki, hətta binəvalara şirin su içməyi haram etmişdi. Bu səbəbdən müsəlmanlar azuqəsizliyə şor su içib yay fəsli zadəganlıq etmişlər. Türklər Bakını aldıqdan sonra bütün diqqətlərini Qarabağa sərf edib oranı mühasirədən azad etdilər. Türklər Qarabağ və Zəngəzur mahallarını daha tez xilas edərdilər, fəqət müttəfiq ordunun buraya gəlməsi türklərə Qarabağ mahalını büsbütün xilas etməyə qoymadı.
Bakıya daxil olmuş müttəfiq ordu komandanı general Tomson Andranikə bu məzmunda bir teleqram göndərdi: “Verilən məlumata görə, ermənilər Qarabağda müsəlmanlara qarşı zülmlər edirlər. Mən müttəfiq ordunun nümayəndəsi sifətilə məlum edirəm ki, ermənilərə söyləyəsiniz öz yerlərində rahat oturub, nizamsızlıq etməsinlər. Əgər mənim bu hökmümə əməl etməyib yenə də nizamsızlıq edilsə, o zaman bütün məsuliyyət sizin üzərinizə düşəcək. Xahiş edirəm bu teleqram sizə vüsul olduqda cavabını məlum edəsiniz ”.
A.Ziyadxanlı ermənilərin 1918-ci ildə Bakıda törətdikləri mart hadisələri ilə bağlı yazır: “Bakıda 10 min Azərbaycan paytaxtının əlsiz-ayaqsız əhalisinin qanı axıdıldı. Təəssüf ki, bu qanlı faciədə başıpozuq rus soldatları da nədənsə birdən-birə dönüb, bolşevik oldu. Bəs o zamanda demokratiyanın böyük əsaslarını özlərinə şüar və iqtibas edən cənabları nərədə idi ki, paytaxtımızın küçələri fəhlə meyitləri ilə dolmuşdu. Aşkardır ki, erməni qoşunu bolşevik adı və bayrağından istifadə edib, milli ədavət üzərindən müsəlmanlara atəş açmışdı… Mart hadisəsinin bir illiyi münasibətilə martın 18(31)-də bütün millət matəm saxlayaraq şəhid olan ata, ana, bacı, qardaşlarının və diri-diri mıxlanmış körpə uşaqların ruhuna fatihə oxudular” [3].
Azərbaycan beynəlxalq şəraitdəki mürəkkəblik və ziddiyyətlik AXC hökumətindən çox çevik xarici siyasət həyata keçirməyi tələb edirdi. Onun xarici siyasətinin başlıca istiqamətlərini Azərbaycanın müstəqilliyini qorumaq və inkişaf etdirmək təşkil edirdi. Bu məqsədlə o, dövlət strukturunda Xarici İşlər Nazirliyinin təşkilinə və onun işinin təkmilləşməsinə xüsusi diqqət verirdi [12].
A.Ziyadxanlı bir müddət AXC-nin xarici işlər nazirinin əvəzi olaraq çalışmışdı. 14 aprel 1919-cu ildə Nəsib bəy Yusifbəyli AXC-nin dördüncü hökuməti kabinəsində Məhəmməd Yusif Cəfərov xarici işlər naziri, A. Ziyadxanlı isə onun müavini vəzifəsinə təyin edilmişdi. O, bu vəzifədə 1919-cu ilin avqust ayına kimi çalışmışdı.
Zaqafqaziya respublikaları arasında xüsusən də Azərbaycanla Ermənistan arasında ən çətin problem ərazi və sərhəd məsələsi idi. İngilis generalı Denikinlə Azərbaycanın Kubandakı nümayəndəsi C.Rüstəmbəyovun görüşünü təşkil etdi. Görüşdə iştirak edən Briqqs Denikinə və Rüstəmbəyov vasitəsi ilə AXC hökumətinə təklif edir ki, diplomatik nümayəndəliklər açılsın. General Denikin cavab verir ki, “Azərbaycanla diplomatik nümayəndəlik mübadiləsinə heç bir etirazı yoxdur”. Denikinin “Mən Sizin xalqın və onun hökumətinin Rusiyaya münasibətini bilmək istəyirəm” sözlərinə cavab olaraq C.Rüstəmbəyov cavab verir ki, “… Biz Rusiya ilə əlaqələri kəsmirik və əgər Rusiyanın hansıda səlahiyyəti, hamı tərəfindən tanınan xalq demokratik orqanı olursa, güman edirəm, mənim xalqım oraya gedər, orada iştirak edər və öz müqəddəratını təyin etmək hüququnu bəyan edər…” [7, s. 270-271].
Xarici işlər nazirini əvəzi A.Ziyadxanov Denikinlə söhbəti haqqında Azərbaycanın hökumətinin məlumatını alan kimi 1919-cu il iyulun 26-da Rüstəmbəyova şifrəli (1846 №-li) teleqram göndərdi. Onun əsas müddəaları belə idi:
“Könüllü ordu ilə Azərbaycanın arasında diplomatik nümayəndəlik mübadiləsinə mənfi münasibət bəsləyirik. Bununla birlikdə, lazım gələndə könüllü ordunun komandanlığı ilə müxtəlif məsələlər üzrə danışıqlar aparmağa hökumətin heç bir etirazı yoxdur. Könüllü ordu isə, lazım olanda, Azərbaycan hökuməti ilə danışıqlar aparmağa özünün Bakıda ingilis komandanlığı nəzdində olan nümayəndəsi general Lazerevə tapşıra bilər”.
“Könüllü ordu barədə mövqeyimiz belədir: qəti və möhkəm qərara gəlmişik ki, Könüllü ordu hissələri Azərbaycan Cümhuriyyətinin hüdudlarına buraxılmasın”.
Azərbaycan hökuməti Rüstəmbəyovun müstəqillik məsələsində hökumətin prinsipial mövqeyi ilə uzlaşmayan fikrini (“Biz Rusiya ilə əlaqələri kəsmirik…”) pislədi və birmənalı bəyan etdi.
“Qəti bilin, Azərbaycan xalqı öz Müəssislər Məclisindən başqa heç bir başqa məclisə getməyəcəkdir. Bizim hökumətimizin xətti belədir. Azərbaycanın müstəqilliyinə qəsd edən hər bir kəs, kim olursa-olsun, bolşevik, menşevik, denikinçi və s. fərqi yoxdur – Azərbaycanın düşmənidir”.
Ziyadxanovun cavabı iki baxımdan əlamətdardır.
– Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq vəziyyətdə ağlagəlməz çətinliklərə baxmayaraq və ingilis generalının vasitəçiliyinə məhəl qoymayaraq Denikinlə diplomatik mühit yaratmaq haqqında təklifini rədd edir. Denikinə münasibətdə müstəqil xətt yürüdür, real Denikin təhlükəsi qarşısında büdrəmir və başını itirmir, ləyaqət və şərəfini, həm də öz milli mənafelərini, həm də obyektiv olaraq Gürcüstanın maraqlarını qoruyur.
– Rüstəmbəyova edilən “qəti…” xəbərdarlığı təkcə Rüstəmbəyov üçün ibrət dərsi deyildi. Bu, geniş planda Azərbaycanın müstəqilliyi və suverenliyi məsələsinə yanaşmaqda diplomatiyamızın, prinsipial məsələdə aydın, dürüst, dəqiq mövqe tərbiyə dərsi idi. Dövlət adamlarının təfəkküründə intizam, sözündə məsuliyyət aşılamaq dərsi idi.
İki qonşu ölkə arasında diplomatik münasibətlərin yaradılması asan başa gəlmirdi; İran hakim dairələri 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsində Şimali Azərbaycanı itirlilməsiylə razılaşmaq istəmirdilər. O vaxt Paris sülh konfransında çar Rusiyası tərəfindən işğal edilmiş torpaqları tələb etməsi təsadüfi hal deyildi. Belə bir vaxtda Azərbaycan suveren bir dövlət kimi dünya siyasi səhnəsinə qədəm qoymuşdu və bu, İran hakim dairələri üçün də gözlənilməz bi hadisə idi.
1919-cu il iyulun 16-da AXC-nin Nazirlər Şurası İran hökuməti yanında diplomatik nümayəndəliyinin təsis olunması haqqında qərar qəbul etdi. 4 oktyabr tarixli qərarı ilə hökumət nümayəndəliyin ştatını təsdiq etdi. Tehranda nümayəndəliyin başçısı Adil xan Ziyadxanlı təsdiq edildi. Çar Rusiyasının keçmiş səfiri, sonra isə general Etter Azərbaycan nümayəndəsinin İrana gəlməsinə hər vasitə manə oldu. Lakin rus səfirinin hər sözünün İran hökuməti üçün qanun olduğu dövr artıq keçmişdi, onun sözünə artıq heç kəs məhəl qoymurdu. Azərbaycan nümayəndəsi Tehran hökuməti və İran şahı tərəfindən iltifatla qəbul edildi. İran şahı Tehran, Təbriz və başqa şəhərlərdə AXC-nin daimi rəsmi nümayəndəliklərinin yaradılması fikrinə razılığını bildirdi. Yerli azərbaycanlılar diplomatik heyətin gəlişi münasibətilə ziyafət verdilər [8, s. 192].
Azərbaycanla İran arasında qarşılıqlı anlaşma yaranmağa başladı. Bu işdə Avropaya çıxan İran şahının 1919-cu il avqust ayının 16-da yolüstü Bakıda dayanması müsbət rol oynadı. Şah “mehriban qonaqpərvərlik üçün Azərbaycan hokumətinə minnətdarlıq” bildirdi. Bakıdan qatarla gedən İran şahını Adil xan Ziyadxanlı Batuma qədər müşayiət etdi. Yolda Ziyadxanlının İranın yeni xarici işlər naziri Firuz Mirzə Nüsrətüddövlə ilə də söhbətləri oldu [13].
(Firuz Mirzə həm də Paris sülh konfransında İran nümyəndə heyətinin başçısı təyin olunmuşdu). İran şahının Bakıda gördükləri, eşitdikləri, Ziyadxanlının İran naziri ilə söhbətləri İran rəhbərliyində Azərbaycan haqqında obyektiv fikir yatarmağa təsir göstərmişdi.
A.Ziyadxanlı 1919-cu il sentyabrın 23-də AXC-nin səlahiyyətli səfiri kimi İrana göndərildi və Azərbaycanın siyasətinə uyğun olaraq Tehranda diplomatik fəaliyyətə başladı. Adil xana səfirliyin açılması üçün 50 min manat, özünün yaşaması üçün isə 25 min manat pul ayrılmışdı [9, s. 50].
Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı diplomatik heyətinin siyahısı aşağıdakı şəxslərdən ibarət olmuşdur.
1. Ziyadxanlı Adil xan – 1918-ci il. Xarici işlər nazirinin müavini. 1919-cu ili noyabrından Tehran şəhərində diplomatik nümayəndə.
2. İsrafil Müslümbəy – 1 aprel 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin birinci katibi.
3. Məşədi Aslan – 1920-ci il. İrandakı nümayəndəliyin işçisi.
4. Mirzə Ələkbər xan – 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin ikinci katibi.
5. Mirzə İbrahim xan – 1920-ci il. İrandakı nümayəndəliyin katibi.
6. Babayev Qulam Rza oğlu – 21 noyabr 19190cu il. İran hökuməti yanında diplomatik nümayəndəliyin kuryeri.
7. Sadıqov Ələkbər – 7 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin müavini.
8. Rudzinski Myaaçeslav Stanislavrviç – 6 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyində katib. Ümumi şöbənin rəisi.
9. Yusif xan – 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin təsərrüfat müdiri.
10. Racavan Cabbar bəy – 20 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin kargüzarı.
11. Şükürov Ehtiyac – 17 dekabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin kargüzarı.
12. Nerbalyo İvan – İrandakı diplomatik nümayəndəliyin kargüzarı. sürücüsü.
İranın Azərbaycandakı diplomatik nümayəndəliyi
1. İran hökumətinin nümayəndəsi – Məhəmmədxan Said ül-Vüzəra.
2. İranın Lənkərandakı konsulu – Sadıqxan Sadü-dövlə [10].
1920-ci il yanvar ayının 4-də AXC-nin İrandakı ilk səfiri A.Ziyadxanlının Tehrana gəlməsi ilə Azərbaycan nümayəndəliyi geniş fəaliyyətə başladı. Diplomatik nümayəndəliyə xas olan vəzifələrlə yanaşı, A.Ziyadxanın başçılığı ilə Azərbaycan nümayəndələri İranda yaşayan türklərin mədəni-maarif işinə yardım etməyə başladılar. Səfir xarici işlər nazirinə yazırdı ki, “Nümayəndəliyin maddi imkanı olmadığından o, ehtiyacı olan dul qadınlara və yetimlərə kömək etmək, türk dilində məktəb açmaq, türkcə qəzet nəşr etmək və s. işləri görə bilmir”. Bununla belə o yazırdı ki, xeyriyyə cəmiyyəti və Azərbaycan türkcəsini öyrədən cəmiyyətin yaradılması işinə başlamışdır. Bundan başqa, nümayəndəlik yerli soydaşlar arasında pulsuz olaraq ana dilində A.Ziyadxanlının “Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti ” adlı kitabını yayırdı [8, s. 198].
Azərbaycanla İran arasında diplomatik danışıqlar teleqraf, ticarər-gömrük, poçt sazişlərinin, hüquq, konsul konvensiyalarının və s. məsələlər ilə bağlı 8 müqavilə imazlanması da məhz Adil xan Ziyadxanlının səfirlik etdiyi dövrə, 1920-ci il martın 20-nə təsadüf edir [16].
1919-cu ildə Bakıda A.Ziyadxanlı tərəfindən üstü yazılaraq Azərbaycan Cümhuriyyətinin İrandakı səfirliyinə təqdim etdiyi “Azərbaycan haqqında (tarixi, ədəbi və siyasi məlumat)” sənə (il) hicri-1388, miladi-1919, Bakı, hökumət mətbəəsində çap olunmuş əsərinin ərəb əlifbası ilə türkcə nüsxəsinin surəti vardır ki, səfirliyin möhürü ilə də təsdiq edilmişdir. Adil xan öz xətti ilə aşağıdakıları yazmışdır:
“Novruz bayramı günü Azərbaycan Cümhuriyyətinin rəsmi surətdə tanınması və ilk dəfə olaraq Tehranda səfirliyin açılışı və bayraq qaldırmaq münasibətilə Azərbaycan səfarətinə yadigar olmaq üzrə verildi” (1, s. 3)
Bu barədə kitabın ön sözündə Adil xan ətraflı izah verərək yazmışdır: “… Vətənin mənafeyi və onun yolunda üzərimə düşəcək vəzifəsini düşünüb 1918-ci sənəsinin oktyabrının 30-cu günündə cavan Azərbaycan Cümhuriyyətinin xariciyyə nəzarəti işlərinin ifasına iqdam etdim. O gündən sonra məmləkətin daxilində və xaricində vaqe olmuş hadisələr, məni məmləkətimizin siyasi əhvalı xüsusunda bir məruzə təqdim etmək məcburiyyətində qoydu. Bu məruzənin hazırlanmasında keçmiş tarix aləminə də nəzər etmək məcburiyyəti olduğundan mənim məruzəm xalis siyasi şəkil almayıb, siyasət aləmindən savayı tarixi və ədəbi aləmlərdən də bəhs etməyə məcbur olduq…”. [1, s. 2]. Bu əsərin Azərbaycan Respublikasının İrandakı səfirliyində ərəb əlifbası ilə türkcə nüsxəsi vardır və səfirliyin möhürü ilə də təsdiq olunmuşdur.
A.Ziyadxanlı 28 may 1918-ci ildə yazdığı “Qələmin uçuşu” əsərində İrana səfir təyin edilməsini belə təsəvvür etmişdir: “İran Şahənşahlığı yanında ilk Səfarətin iftixarı bu sətirlərin müəllifinə nəsib oldu. 15 yanvar 1920-ci il tarixində Tehrana daxil oldum. Ali dövlət rəhbərləri tərəfindən rəsmən qəbul edilərək öz etimadnaməmi təqdim edib, Azərbaycan Xalq Cümhuriyyətinin Kiyan paytaxtında ilk səfarətxanəsini təsis etdim və bununla da Tehranda yerləşən bütün səfirliklər, nazirliklər və siyasi nümayəndəliklərin sırasına daxil oldum” [2, s. 15].
Məlum olduğu kimi, İrandakı Azərbaycan səfirliyi 28 aprel 1920-ci il tarixinədək fəaliyyət göstərmişdi. Azərbaycanı sovetlə işğal edəndən sonra A.Ziyadxanlı vəzifəsindən kənarda qaldı, İran Qacar dövlətindən siyasi sığınacaq alaraq orada vəkillik peşəsi ilə məşğul olmağa başladı. Çünki Azərbaycana qayıdacağı təqdirdə bolşeviklər onu da qardaşı İsmayıl xan kimi güllələyəcəkdilər [19, s. 192].
AXC sovet işğalına məruz qaldıqdan sonra Adil xanın İranda qalması çox təbii görünməlidir. Çünki o zaman bir çox ölkələrdəki Azərbaycan səfirliyi, konsulları, müxtəlif siyasi nümayəndələri doğru addım atıb, akkreditə olunduqları ölkələrdən sığınacaq alaraq, bolşeviklərin bütün azadlıq mübarizlərinə tutduğu Azərbaycan Sovet Sosialist Respublikasına qayıtmadılar. Bununla əlaqədar “Qələmin uçuşu” əsərində A.Ziyadxanlı yazmışdır: “22 iyun 1921-ci ildə Şahənşahlıq yanında rəsmiyyətimi itirdim. Çünki ali dövlət bütün sovet respublikaları tərəfindən İran Şahənşahlıq hökuməti yanında təyin olunmuş təkcə bir nəfər nümayəndəni rəsmi surətdə qəbul etmişdi”.
Həmin əsərdə özü haqqında yazdığı qeydlərdən məlum olur ki, vətənə qayıtmaq mümkün olmadığına görə İranda qalan Adil xan 1302-ci şəms ilində Tehranda bələdiyyə idarəsində, 21 Azər 1307-ci ildə İctimai Təminat Nazirliyinin kənd təsərrüfatı şöbəsində işləmiş, 7 aban 1308-ci ildə ana yurdu Təbrizə – Azərbaycan dəmir yolu və gəmiçilik işlərində işə göndərilmiş, təqribən bir il sonra Təbrizdən Tehrana qayıtmışdır.
Adil xan “Azərbaycan” əsərində yazır ki, “1346-cı il cəmadi ül sani ayının 3-də (6 azər 1306-cı il) bazar ertəsi günü gündüz saat on üç-on beş dəqiqədə Nəcəfül Əşrəfdə Həzrət Əmir əl Möminin əleyhüssəlamın mübarək məqamının qarşısında qızım Mahrux ilə durub öz salamımı dünyanın bu böyük insanının ruhuna təqdim etdim. Doğrudan da, o dəqiqələr mənim həyatımda fövqəladə dəqiqələr idi. Hiss edirəm nur çiləyən ilə bir çeşməyə yaxınlaşmışam ki, oradakı minlərlə müqəddəs şölələr Əlinin (ə) ali sifətlərini aləmə yayır” [3, s. 25].
O, yuxarıda adı çəkilən əsərinin 28-ci səhifəsində qeyd edir ki, “Bir zərrə şərafəti olan hər bir kəs gərək öz vətənini müqəddəs bilsin. Dünyada İsveç, Niyapol və s. kimi mənim vətənimdən qəşəng olan saysız-hesabsız yerlər olsa da, təsəvvürümdə Qafqaz kimi gözəl bir yer dünya üzərində yoxdur. Çünki bu torpaq mənim vətənim, atamın, əcdadımın vətənidir. İran (Təbriz) da anamın vətəni olduğu üçün o da mənim nəzərimdə əlbəttə ki, əzizdir”. Qeyd edək ki, Adil xanın anası Azər Humayun Təbrizdə doğulmuşdu, şahzadə Abbas Mirzə naibü-əs-səltənənin nəvəsi və şahzadə Bəhmən Mirzənin qızı idi.
II Dünya müharibəsində sovet qoşunları İrana daxil olarkən sovet təhlükəsindən yaxa qurtarmaq üçün Adil xan Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır. Adil xan Türkiyədə də öz geniş ictimai-siyasi fəaliyyətini davam etdirmişdir. O, qısa bir müddətdə Azərbaycan haqqında dəyərli bir əsər yazmışdı. Xatirələr səpkisində yazılmış bu kitab professor Vilayət Quliyevin öz sözü ilə 1993-cü ildə “Şuşa” nəşriyyatı tərəfindən “Azərbaycan” adı [11] ilə çap edilmişdir.
V.Quliyev Adil xan Ziyadxanlının şəxsiyyəti və fəaliyyətinə həsr etdiyi məqaləsində göstərir ki, A.Ziyadxanlı 1934-cü ildə Tehrandan İstanbula köçmüş, həyatının qalan hissəsini Türkiyədə yaşamış, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədli, Naqi Şeyxzamanlı, Hüseyn bəy Mirzə Camallı və başqaları keçmiş mübarizə yoldaşları ilə birlikdə mühacirətdə Azərbaycan davasına öz töhfəsini verməyə çalışmışdı [11]. Zəngin biliyi və geniş həyat təcrübəsini türk gəncliyi ilə bölüşmək üçün İstanbul Universitetində dərs demişdi. Uzun və mənalı ömür yaşayan A.Ziyadxanlı – Cavad xanın kişi nəslindən olan sonuncu nəticəsi 1954-cü ildə İstanbulda vəfat etmiş və orada torpağa tapşırılmışdır. Qızı Mahrux xanım isə 1994-cü ilədək İstanbulda yaşamış və həmin il dünyasını dəyişərək, orada torpağa tapşırılmışdır. Hazırda Adil xanın qızının nəvəsi Leyla xanım İstanbulda yaşayır. Onun həyat yoldaşı isə general Həsənağa Bakıxanovun qızı Reyhana xanım idi.
Ədəbiyyat siyahısı:
Adil xan Ziyadxanov. Azərbaycan (haqqında tarixi, siyasi və ədəbi məlumat), hicri 1338, miladi 1919, Bakı: (ərəb əlifbası ilə türkcə).
Adil xan Ziyadxanov. Qələmin uçuşu. Azərbaycan kitabından. Bakı: 1993, bax: Tairan-e qələm. (Resaleyi əz noxostin-e nomayende-yi Cümhuri-ye Azərbaycan-e Ğəfğaz dər İran). Adil xan Ziyadxanov. Şap-e əvvəl, Tehran, 1381, 71 s.
Adil xan Ziyadxanov. Azərbaycan. Bakı: 1993, 176 s.
Çəmənzəminli Y.V. “Xarici siyasətimiz”. Bakı:Azərnəşr, 1993, 51 s.
Çəmənzəminli Y.V. “Müstəqilliyimizi istəyiriksə…”. Bakı: Gənclik, 1994, 72 s.
Hüseyn Baykara. Azərbaycanın istiqlal mübarizəsi tarixi. Bakı: Azərnəşr, 1992,276 s.
Köçərli T.Qarabağ(Qarabağ tarixinin saxtalaşdırılması əleyhinə).Bakı:Elm,2002,472s.
Nəsibzadə N. AXC-nin xarici siyasəti. Bakı: 1993; həmçinin bax: Cemil Hasanlı. Azerbaycan tarihi 918-1920. Türkiyenin yardımından Rusyanın işkalına kadar. Ankara, 1998 ; История дипломатии. Том 3, Москва, 1945
Mədətli E. Azərbaycan Cümhuriyyətinin İrandakı səfiri ilə bağlı məqalə haqqında // “Varlıq”, 22-ci il, yaz və yay, Tehran: 1379, s. 47-55
Qasımlı M. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 2002, 22 s.
Quliyev V. Tarixdə iz qoyan şəxsiyyətlər. Bakı: Ozan nəşriyyatı, 2000
12. Talıblı S.Ə. Azərbaycanın İrandakı səfiri Adil xan Ziyadxanlı/AMEA-nın Şərqşünaslıq İnstitutu, “Elmi Araşdırmalar” jurnalı. Bakı: 2006, № I-IV/8-ci buraxılış, s. 430-440:Talıblı S.Ə.Azərbaycanın İrandakı səfiri Adil xan Ziyadxanlı.Bakı-Təbriz. dünya azərbaycanlıların dərgisi. fevral 2006, № 2(5), s.27-31; Talıblı S.Ə.Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı səfiri Adil xan Ziyadxanlı Bakı “YOM”, Türk Dünyası Mədəniyyət dərgisi (Rüblük) 2(4),2006, s.80-93.
13. Talıblı S.Ə. İsmayıl xan Ziyadxanlı və Azərbaycan-İran əlaqələri /Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi nəşri. “Dirçəliş-XXI əsr” jurnalı. Bakı: 2006, №8-9 (102-103), s. 231-236: Talıblı S.Ə.İsmayıl xan Ziyadxanlının siyasi və diplotaik fəaliyyətinə dairş Bakı Slavyan universiteti. İctimai-siyasi elmlər seriyasış Bakı: 2006, №1-2, с. 69-75; Talıblı S.Ə. Sübhan Talıblı.Ismayıl xan Ziyadxanlının Dumadakı siyasi və hüquqi fəaliyyəti haqqında.«Gənc Hüquqşünas» jurnalı.Bakı, № 05 (18) may 2006 s. 16-18; Sübhan Talıblı. Ismayıl xan Ziyadxanlının Dumadakı siyasi və hüquqi fəaliyyəti haqqında.«Gənc Hüquqşünas»jurnalı.№ 06 (19).
Talıblı S.Ə.
آذربایجان خالق جمهوریتینین ایرانداکی سفیری عادیل خان زیادخانلی 12.
(Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı səfiri Adil xan Ziyadxanlı) // “Varlıq”. Türkcə-farca kültürəl dərgi. Tehran: Yay 1384, № 145, s. 67-75
15. Тадеусз Swietochowski. Müsülman Cemaatten Ulusal Kimlige Rus azerbaycanı 1905-1920. Birinci: 1988. (Türkcesi: Nuray Mert 295 sahifa).sah.72; bax: Russian Azerbaijan 1905-1920. The Shaping of National Identity in a Muslim Community. Cambridge University Press ,1985.
16. Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика (Документы и материалы). Баку: 1998
17. Сеидзаде Д.Б. Азербайджанские Депутаты в Государственной Думе России. Баку: 1991
18. “Heyət-e Fouğalade-ye Ğəfğaziyy-yə”. Mozakerat və qərardadha-yi heyət-e ezamiyye-ye İran be Ğəfğaz təht-e sərporesti Seyyid Ziyaəddin Təbatəbai 1337-1338 (1919-1920). Mərkəz-e esnad və tarix-e diplomasi. Be kuşeş Rza Azəri Şəhrzayi, Tehran 1378; bax: “Heyət-e Fouğalade-ye Ğəfğaziyy-yə”. Əsnad və qərardadha-yi heyət-e ezamiyye-ye İran be Ğəfğaz təht-e sərporesti Seyyid Ziyaəddin Təbatəbai (1337-133 qəməri, 1919-1920 moladi). Tehran, dəftər-e motaleat-e siyasi və beynəlmoləli, 352 s.
آذری شهرضائی، رضا، هیئت فوق العاده قفقازیه، اسناد و مذاکرات و قراردادهای هیئت اعزامی ایران به قفقاز تحت سرپرستی سید ضیاءالدین طباطباعی، 1338-1337 (1920-1919م)، مرکز اسناد و تاریخ دیپلماسی، دفتر مطالعات سیاسی و بین المللی، تهران، وزارت امور خارجه 1379،352 ص.
19. Zöhrevənd Ə. Əvvəlin səfir-e Cümhuri-ye Demokratik-e Azərbaycan dər İran (1918-1920), fəslname-yi tarix-e rəvabe-te xarici, nəşriyye-ye əsnad və tarix-e diplomasi. Vəzarət-e omur-e xarici-ye Cümhuri-ye Eslami-ye İran, sal-e dovvom, şomare-ye 3, tabestan 1379, Tehran
20. Kavə Bəyat. Tufan bər fəraz-e Ğəfğaz. Neqahi be monasebat-e məntəğe-yi İran və cümhurihaye Azərbaycan, Ərmənestan və Qorcestan dər dovre-yi noxoste esteqlal 1918-1921. Mərkəz-e esnad və tarix-e diplomasi. Tehran, 1380, 458 s.
(بیات، کاوه، توفان بر فراز قفقاز، نگاه به مناسبات منطقه ای ایران و جمهوری آذربایجان، ارمنستان و گرجستان در دوره نخستین استقلال، 1921-1918، مرکز اسناد و تاریخ دیپلوماسی (وزارت امور خارجه)، تهران، وزارت امور خارجه، 1380، 458 ص.
AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dossent dr.
Sübhan Ələkbər oğlu Talıblı