
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik qüvvələrinin törətdiyi maneələrə baxmayaraq 2006-ci ildə Güney Azərbaycanda Milli Qiyamın ildönümü münasibətilə Sulduzda Azərbaycan şəhidlərinin anım mərasimi keçirilib.
Dünən şənbə günü mayın 25-də çox sayda azərbaycanlı milli-mədəni fəal Sulduzda şəhidlərin məzarı başına toplaşıb və onları anıblar.
Rejimin təhlükəsizlik qüvvələri yığıncağın keçirilməsinə mane olmaq məqsədilə bir çox fəalın mərasimə qatılmasına imkan verməyib. Onlar hətta bir neçə fəalı isə saxlayıb. Buna baxmayaraq fəallar şəhidlərin məzarı başına toplaşa biliblər.
Keçirilən mərasimdə Azərbaycan şəhidləri və Güney Azərbaycan türk millətinin milli hüquqları ilə bağlı şeirlər oxunub və tanınmış sulduzlu fəal Musa Ziya Gərgəri çıxış edib.
Mərasim Azərbaycanın milli marşının oxunması ilə sona çatıb.
Qeyd edək ki, 2006-cı ildə Güney Azərbaycanda fars irqçiliyi və işğalına qarşı baş verən qiyamda rejim çox sayda Azərbaycan türkünü şəhid etmişdi.