GADTB: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmağa hazır deyil, yekun layihə yoxdur, lakin xarici işlər nazirlərinin yanvarda gözlənilən görüşündə nəhayət müqavilənin mətninin razılaşdırılmasına ümid var.
Bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İctimai telekanalda bildirib.
Marukyan 32 erməni hərbçinin əsirlikdən qayıtmasını Ermənistanla Azərbaycan arasında etimad mühitinin möhkəmləndirilməsi istiqamətində müsbət addım adlandırıb və ümid etdiyini bildirib ki, belə kiçik addımlarla sülh razılaşması əldə oluna bilər.
Marukyan həmçinin bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan bütün şərtlər artıq etibarlı deyil.
“Səhv təəssürat yaranıb ki, danışıqlar ABŞ-da, Brüsseldə və ya Moskvada gedirsə, deməli, onlar qarantdır, lakin bu, belə deyil. Zəmanət mexanizmi sənədləşdirilməli, tərəflər arasında mübahisə yaranarsa, orada bütün şərtlər göstərilməlidir”.
Xatırladaq ki, E.Marukyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gələn ay – yanvarda Vaşinqtonda görüşəcəyini də bildirib.